Savatçılarımız beynəlxalq turnirdə 10 medal qazandılar

Azərbaycan Savat və Şaolin döyüş sənətləri federasiyasının idmançıları ölkəmizi daha bir beynəlxalq turnirdə uğurla təmsil ediblər.

Allsport.az xəbər verir ki, Tbilisidə Savat – Fransız boksu döyüş növünün asso versiyası üzrə yeniyetmələr və gənclər arasında keçirilən yarışda idmançılarımız 10 medal qazanıblar.

Əziz Əzizli (46 kq), Elvin Qurbanov (48 kq), Ömər Rəhimov (50 kq), Həsən Həsənzadə (53 kq), Tural Baloğlanov (60 kq), Ümid Ağayev (yeniyetmə, 63 kq), Kamil Balaşov (yeniyetmə, 70 kq) və Seymur Yusifov (70 kq) bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.

Orxan Rzalı (yeniyetmə, 46 kq) və Nəriman Vəliyev (63 kq) isə finalda uduzaraq gümüş medalla kifayətlənib.

Yarışda Azərbaycanla yanaşı Gürcüstan, İran, Ermənistan və Qazaxıstan idmançıları da iştirak ediblər.

İdmançılarımız gənclərdən ibarət yığma komandanın baş məşqçisi Taleh Nağızadənin rəhbərliyi altında yarışıblar.

Həmin kateqoriyadan