Sergey Zenyov: “Bizə belə oyun üslublu rəqib daha münasibdir”

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Serbiyanın “Çukariçki” klubunu mübarizədən kənarlaşdıran “Qəbələ” tarixində ilk dəfə 3-cü tura adladı. Allsport.az xəbər verir ki, komandanın qələbəsində cavab oyununda əldə olunan 2:0 hesablı qələbə həlledici oldu.

“Qırmızı-qaralar”ın hər iki qoluna imza atan Sergey Zenyov “Bakcell Arena”da baş tutan matç haqda fikirlərini klub saytına açıqlayıb:

“Biz növbəti mərhələyə yüksəlməyi çox istəyirdik. Çünki bu, klubun tarixində böyük uğur olacaqdı. Məsuliyyəti yaxşı başa düşürdük. Qələbə istəyimiz də böyük idi. Tamamilə matça köklənmişdik. Bu da qələbədə böyük rol oynadı. Sevinirəm ki, komandayla bu uğura nail olduq. Mən dubl etmişəmsə, matçın qəhrəmanı deyiləm. Futbolu 11 nəfər oynayır. Uğur da hamımızın qələbəsidir”.

“Qəbələ” üçüncü təsnifat mərhələsində Kiprin “Apollon” klubu ilə qarşılaşacaq. Zenyov növbəti rəqib haqda da fikirlərini bildirib: “Bununla kifayətlənmək istəmirik. “Apollon”u da keçmək niyyətindəyik. “Çukariçki”dən fərqli, kiprlilər daha çox texnikalı oyuna üstünlük verir. Bu da heyətində braziliyalı və portuqaliyalıların çıxış etməsi ilə bağlıdır. Bizə belə oyun üslublu rəqib daha münasibdir”.

Həmin kateqoriyadan