FOTO
“Simurq”un almanlarla oyununda nələr olub?

Antalyada qış təlim-məşq toplanışında olan “Simurq” ötən gün hazırlıq çərçivəsində ikinci yoxlama görüşünü keçirdi. Allsport.az xəbər verir ki, Zaqatala klubunun rəqibi Almaniyanın “Duysburq” klubu oldu.

“Sarı-qaralar”ın baş məşqçisi Georgi Çixradze “qalib heyəti dəyişməzlər” prinsipinə uyğun olaraq. ilk görüşdəki start heyətini meydana buraxmışdı. Yalnız yüksək temperatur səbəbindən bu oyunda forma geyinə bilməyən İlkin Qırtımovun əvəzinə Kənan Müslümova şans verilmişdi.

Qarşılaşmada ilk qol vəziyyətin almanlar yaratsa da, hesabı “Simurq” açdı. 23-cü dəqiqədə Samir Zərgərov dəqiq zərbə ilə komandasını hesabda önə çıxardı. Ancaq bu qoldan 5 dəqiqə sonra rəqib bərabərlik qolunu vurmağı bacardı. İlk hissə bu hesabla da başa çatdı.

İkinci hissənin əvvəlində “Simurq”un heyətində dəyişiklik edildi. Pavel Kapsa, Kənan Müslümov və Marko Stanoyeviçin əvəzinə Amil Ağacanov, Vadim Abdullayev, Stepan Polyak meydana daxil oldu. Ancaq fasilədən sonra hər şey zaqatalalılar üçün pis alındı. Samir Zərgərovun birbaşa qırmızı vərəqə ilə meydandan qovulmasından sonra rəqib oyunda üstünlüyü ələ aldı. Bunun nəticəsi kimi almanlar 49-cu dəqiqədə penaltidən vurulan qolla hesabda önə keçdilər. Vəziyyətə müdaxilə etməyə çalışan məşqçilər korpusu 51-ci dəqiqədə Rəşad Eyyubovla Banaş Adamı Murad Səttarlı və yeni transfer Xuan Alvarado ilə əvəzlədi. Ancaq bundan bir dəqiqə sonra “Duysburq” 3-cü qolu vurdu. 79-cu dəqiqədə isə hesab arasındakı fərq üçə qalxdı və görüş bu nəticə ilə başa çatdı – 1:4. Beləcə, “Simurq” ilk yoxlama görüşündə 3:1 hesabı ilə qalib gəlsə də, bu dəfə tam fərqli nəticəyə imza atdı.

Bu gün hazırlıq proqramına əsasən məşqçilər korpusu futbolçulara istirahət verib. “Simurq”un növbəti yoxlama görüşü isə yanvarın 18-nə nəzərdə tutulub. Rəqib Qazaxıstanın “İrtış” klubu olacaq.

Həmin kateqoriyadan