Şikar ilk dəqiqədə nokautla qalib gəldi

Peşəkar döyüşlərin qalibi, dünya kuboku mükafatçısı kikboksçumuz Şikar Bədəlov növbəti döyüşünə çıxıb. Allsport.az xəbər verir ki, o bu dəfə Konyada kəmər döyüşünə çıxıb. İranlı İbrahim Xezai ilə qarşılaşan idmançımız elə birinci raundun ilk dəqiqəsində rəqibini nokautla məğlub edib.

“44 günlük müharibədən sonra, sanki xüsusi motivasiya ilə çıxıram döyüşlərə. Qalib xalqın idmançısına da yalnız qələbə yaraşır. Döyüşə gəlincə, rahat alındı. İlk saniyələrdə qazandığım üstünlüyü elə ilk dəqiqədə nokauta çevirdim. Artıq kəməri rəqibimdən aldım. Daha bir döyüşə çıxıb kəməri müdafiə edəcəyəm. Bu uğurumda ən böyük pay sahiblərindən biri də məşqçim Hikmət Hacıyevdir. Ona təşəkkür edirəm” – idmançımız bildirib.

Kikboks millimizin böyük məşqçisi, əməkdar məşqçi Hikmət Hacıyev isə bu uğurun təsadüfi olmadığını vurğuladı: “Bu qələbə təsadüf deyil. Çəkilən əziyyətin bəhrəsidir. Şikarla fəxr edirəm. Əzmlə məşq edib, istəyinə nail oldu. Ümid edirəm ki, kəməri müdafiə döyüşündə də qələbə qazanacaq”.

Həmin kateqoriyadan