Spartakiadaya yekun vuruldu

Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsində önəmli rol oynayan “Neftçi İdman Klubu” neft, qaz və kimya sənayesi işçilərinin arasında mütəmadi olaraq idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir. Allsport.az xəbər verir ki, idmanın kütləviləşməsi, gənclərin sağlam ruhda formalaşması, neftçilərin və onların ailə üzvlərinin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyan bu tədbirlərdən ən təntənəli keçiriləni isə hər ilin sentyabr ayında neftçilərin peşə bayramı ərəfəsində təşkil olunan spartakiadadır.

Klub bu il də öz ənənəsini davam etdirərək, neft, qaz və kimya sənayesi işçilərinin XXIII Spartakiadasını keçirdi. 14 idman növü (atletika, üzgüçülük, mini-futbol, voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma, qolgücü və güllə atıcılığı) üzrə keçirilən bu mötəbər yarışa 1239 iştirakçı qatılmışdı ki, onlardan da 293-ü qadınlar idi. 31 müəssisədən komandaların iştirak etdiyi yarışlar Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində, atletika növündə İsmət Qayıbov adına Təlim-İdman Bazasında, üzgüçülük növündə isə “Start” İdman Kompleksində keçirilirdi.

Üzgüçülüknövündə yarışlar kişilər və qadınlar arasında sərbəst üsulla üzməklə ayrılıqda keçirilirdi. Hər komandadan üç kişi və üç qadın iştirak edir və ən yaxşı nəticə hesabata daxil edilirdi. Qadınlar 25 metr, kişilər isə 50 metr məsafədə yarışırdılar. Kişilər arasında finişə ən tez çatan Heydər Əliyev adına Neft Emalı Zavodunun nümayəndəsi oldu. Dalğıc və Qəzadan Xilasetmə İdarəsi 2-ci, Neft Kəmərləri İdarəsi isə 3-cü yeri tutdu. Xanım üzgüçülərin yarışında “Neft Daşları” NQÇİ-nin təmsilçisi lider oldu. Neft Kəmərləri İdarəsi 2-ci, Heydər Əliyev adına NEZ isə 3-cü pillədə dayandı.

Atletikayarışları şəxsi-komanda birinciliyi kimi kişilər və qadınlar arasında aşağıdakı proqram üzrə təşkil olunmuşdu: 100 metr məsafəyə qaçış, qaçaraq tullanma, yerindən tullanma və nüvəitələmə. Bu növlərdə hər müəssisədən üç idmançı iştirak edə bilərdi. Ən yaxşı bir nəticə hesabata daxil edilirdi. Hər iştirakçı proqramın yalnız üç növünə qatıla bilərdi. Komanda xalları (kişilər və qadınlar ayrılıqda) bütün iştirakçıların tutduğu yerlərin cəmi ilə hesablanırdı. Bu növdə kişilər və qadınlar arasında Heydər Əliyev adına Neft Emalı Zavodunun komandası liderliyi heç kəsə güzəşt etmədi. “Neft Daşları” NQÇİ və “Azərkimya” İstehsalat Birliyi kişilər, Neft Kəmərləri İdarəsi ilə Nəqliyyat İdarəsinin komandaları isə qadınlar arasında müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşdürdülər. Atletikanın ailə yarışlarında oğlanlar arasında Heydər Əliyev adına NEZ-in komandası bütün rəqiblərini qabaqladı. “Azəkimya” İstehsalat Birliyi 2-ci, “Neft Daşları” NQÇİ isə 3-cü pillədə qərar tutdu. Qızların yarışında “Neft Daşları” komandası ən yaxşı nəticə göstərdi. Nəqliyyat İdarəsi 2-ci, Heydər Əliyev adına Neft Emalı Zavodu isə 3-cü yerə çıxdı.

Şahmatnövündə komandanın tərkibi 3 (2 kişi + 1 qadın) nəfərdən təşkil olunmuşdu. Qaliblər komanda birinciliyində müəyyən edilirdi. Şahmat yarışında Neft Kəmərləri İdarəsinin komandası liderliyə yüksəldi. “Azəriqaz” İstehsalat Birliyi 2-ci, Heydər Əliyev adına NEZ isə 3-cü oldu.

Damayarışında da komandaların tərkibi və yarışın keçirilmə qaydaları eynilə şahmatda olduğu kimi idi. Bu növdə Heydər Əliyev adına NEZ 1-ci yeri tutdu. Neft Kəmərləri İdarəsi və Nəqliyyat İdarəsi müvafiq olaraq 2-ci və 3-cü pillələrdə qərarlaşdılar.

Stritbolnövündə yarışlar kişilər və qadınlar arasında ayrılıqda keçirilir və qaliblər də müvafiq olaraq ayrılıqda müəyyən edilirdi. Komanda 4 nəfərdən ibarət idi. Oyun iki hissəni əhatə edirdi. Oyun ərzində səbətə düşən hər top 2, cərimədən atılıb səbətə düşən top 1, cərimə meydançasının kənarından atılan top isə 3 xal sayılırdı. Bu növdə kişilərin yarışında Heydər Əliyev adına NEZ-in komandası qalib adını qazandı. İnformasiya Texnologiyaları və Rabitə İdarəsi 2-ci, “Qaz İxrac” İdarəsi isə 3-cü oldu. Zərif cinsin nümayəndələri arasında təşkil olunan yarışda Heydər Əliyev adına Neft Emalı Zavodu bütün rəqiblərindən üstün oldu. Neft Kəmərləri İdarəsi yarışı 2-ci, “Neft Daşları” komandası isə 3-cü yerdə başa vurdu.

Kəndirdartma növündə komandanın tərkibi 6 nəfərdən ibarət idi. Yarış “uduzub çıxma” sistemi üzrə qəbul olunmuş ümumi qaydalarla keçirilirdi. Ən çox azarkeş dəstəyi qazanan növlərdən olan kəndirdartmada da Heydər Əliyev adına NEZ liderliyini davam etdirdi. Neft Kəmərləri İdarəsi 2-ci, “Qaz İxrac” İdarəsi isə 3-cü yerə çıxdı.

Darts yarışında kişilər və qadınlar ayrılıqda yarışırdılar. Komandanın tərkibi 3 nəfərdən ibarət idi. İştirakçıların hər biri divardan asılmış nişangaha 3 metr məsafədən 6 cəhdlə xüsusi kiçik ox atırdılar. Qaliblər komanda üzvlərinin topladığı xalların cəminə görə müəyyən olunurdu. Eyni xal toplamış komandalar öz aralarında qalib müəyyən olunanadək yenidən yarışırdılar. Bu növdə maraqlı nəticələr qeydə alındı. Belə ki, hər iki cinsin nümayəndələri arasında Neft Kəmərləri İdarəsinin komandası 1-ci, Heydər Əliyev adına Neft Emalı Zavodu isə 2-ci oldu. 3-cü yerləri kişilərdə “Siyəzənneft” NQÇİ, qadınlarda isə “Neft Daşları” NQÇİ tutdu.

Daşqaldırma idman növündə hər kollektivdən 5 nəfər iştirak edirdi (hər çəkidə 1 nəfər). İştirakçılar çəki dərəcələrinə görə aşağıdakı qruplara bölünürdülər: 65 kq, 75 kq, 85 kq, 95 kq və 95 kq-dan yuxarı. Yarışlar 24 kq-lıq daşlarla keçirilirdi. Qaliblər daşı yerə qoymadan onun sağ və sol əllə qaldırılma sayının cəmi ilə komanda birinciliyində təyin olunurdu. Daşqaldırma növündə Heydər Əliyev adına NEZ-in kollektivi ən güclü olduğunu sübut etdi və yenidən liderliyə yüksəldi. “Neft Daşları” NQÇİ və Neft Kəmərləri İdarəsi 2-ci və 3-cü yerləri bölüşdürdülər.

Voleybol yarışı kişilər və qadınlar arasında ayrılıqda keçirilir və qaliblər də müvafiq olaraq ayrılıqda müəyyən edilirdi. Komandanın tərkibi 8 nəfərdən təşkil olunmuşdu. Oyun üç hissədən ibarət idi və hər hansı komanda iki hissəni udurdusa, oyun dayandırılırdı. Xallar taym-brek üsulu ilə hesablanırdı. Yarış ilkin mərhələdə yarımqruplarda, final mərhələsində isə “uduzub çıxma” sistemi ilə keçirilirdi. Voleybol növündə kişilər arasında İnformasiya Texnologiyaları və Rabitə İdarəsi qalib adını qazandı. “Neft Daşları” NQÇİ 2-ci, “Azərkimya” İstehsalat Birliyinin komandası isə 3-cü sırada dayandı. Xanım voleybolçulardan isə Heydər Əliyev adına NEZ-in komandası rəqib tanımadı. “Azərkimya” və “Neft Kəmərləri” komandaları isə müvafiq olaraq 2-ci və 3-cü pillələrdə qərar tutdular.

Qolgücü növündə mübarizə kişilər arasında 70 kq, 80 kq, 90 kq və +90 kq çəki dərəcələri üzrə təşkil olunmuşdu. Yarışlar qəbul olunmuş ümumi qaydalarla keçirilirdi. Qolgücü yarışında da Heydər Əliyev adına Neft Emalı Zavodu liderliyini qoruyub saxladı. “Azərkimya” İB 2-ci, Nəqliyyat İdarəsi isə 3-cü oldu.

Mini-futbol yarışlarında komandanın tərkibi 8 nəfərdən ibarət idi. Yarış ilkin mərhələdə püşkatmanın nəticəsinə əsasən yarımqruplarda keçirilir, hər qrupdan iki komanda final mərhələsinə vəsiqə qazandıqdan sonra isə “uduzub çıxma” sistemi ilə davam etdirilirdi. Final mərhələsində oyunun əsas vaxtında qalib müəyyən olunmadıqda, qalibi müəyyən etmək üçün üç altımetrlik zərbədən istifadə edilirdi. Yenə qalib müəyyən edilmirdisə, altımetrlik zərbələr qalibin təyin olunmasına qədər davam etdirilirdi. Final qarşılaşmasında isə 1-ci yerin sahibi oyunun əsas vaxtında müəyyən olunmasa, 10 dəqiqə əlavə vaxt verilirdi. Bu da qalibi müəyyən etməsə, altımetrlik zərbə qaydası tətbiq edilirdi.

Bu dəfə də idman növləri arasında ən kütləvisi mini-futbol oldu. Spartakiadanın əvvəlindən axırınadək gərgin mübarizə şəraitində davam edən və böyük həyəcanla müşayiət olunan turnirdə “Suraxanı Oyl” Əməliyyat Şirkəti ilə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin komandaları finala vəsiqə qazandılar. Çox maraqlı və hər iki komandanın qələbə əzmi ilə çarpışdığı final qarşılaşmasında “Suraxanı Oyl” komandası daha üstün oyun nümayiş etdirdi. Həlledici görüşdən qalib ayrılan bu komanda mini-futbol yarışının qalibi adını qazandı. İnformasiya Texnologiyaları və Rabitə İdarəsi 2-ci, Ekologiya İdarəsinin komandası isə 3-cü yerə çıxdı.

Stolüstü tennis yarışında hər komandadan 3 nəfər (2 kişi + 1 qadın) iştirak edirdi. Oyunlar müəyyən olunmuş qaydalar üzrə keçilirdi və qaliblər komanda birinciliyində müəyyən olunurdu. Yarışlar ilkin mərhələdə yarımqruplarda keçirilir, hər qrupdan iki komanda final mərhələsinə çıxdıqdan sonra isə mübarizələr “uduzub çıxma” sistemi ilə davam etdirilirdi. Stolüstü tennis yarışından “Neft Daşları” komandası qalib ayrıldı. 2-ci və 3-cü pillədə isə müvafiq olaraq “Azərkimya” İB və Heydər Əliyev adına NEZ-in komandaları qərarlaşdılar.

Nərd üzrə keçirilən yarışlarda komandanın tərkibi 3 nəfərdən ibarət idi. Qaliblər komanda birinciliyində müəyyən olunur, oyunlar “uzun” üsulu ilə keçirilirdi. Marsla qələbəyə 2, oyunla qələbəyə isə 1 xal verilirdi. Yarışda qadınlar da iştirak edə bilərdilər. Hər oyunçu bir tas oynayırdı. Yarış ilkin mərhələdə yarımqruplarda keçirilir, hər qrupdan iki komanda final mərhələsinə yüksəldikdən sonra mübarizə “uduzub çıxma” sistemi ilə davam etdirilirdi. Nərd növündə “Azəriqaz” İstehsalat Birliyi zirvədə yer aldı. “Bahar Enerji” Əməliyyat Şirkəti 2-ci, “28 May” NQÇİ isə 3-cü yeri tutdu.

Güllə atıcılığı növündə yarışlar kişilər və qadınlar arasında ayrılıqda keçirilirdi. Komandanın tərkibi 3 nəfərdən təşkil olunmuşdu. Yarış iştirak­çıları 10 metr məsafədən nişangaha pnevmatik tapançadan atəş açaraq yarışırdılar. Hər iştirakçıya 10 güllə verilirdi (5-i məşq, 5-i isə yarış üçün). Qalib komandalar onların üzvlərinin topladığı xalların cəminə görə müəy­yən edilirdi. Komandaların bir neçəsi eyni xal toplayarsa, bu zaman onlar ara­sında qalib müəyyən olunanadək üçcəhdli yarış keçirilirdi. Güllə atıcılığı yarışında Neft Kəmərləri İdarəsi liderliyə yüksəldi. Heydər Əliyev adına NEZ və “28 May” NQÇİ isə müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşdür­dü­lər. Zərif cinsin nümayəndələri arasında Heydər Əliyev adına NEZ yenidən zirvədə qərarlaşdı. Neft Kəmərləri İdarəsi 2-ci, “Qaz İxrac” İdarəsi isə 3-cü yerə çıxdı.

Beləliklə, Heydər Əliyev adına Neft Emalı Zavodu (692,5 xal) ümumi komanda hesabında XXIII Spartakiadanın qalibi adını qazandı. Neft Kəmər­ləri İdarəsi (637,5 xal) 2-ci, “Neft Daşları” NQÇİ (607,5 xal) isə 3-cü yeri tutdu.

Qaliblərə “Neftçi İdman Klubu” tərəfindən diplom, medal və qiymətli xatirə hədiyyələri təqdim olundu.

Bununla da neft, qaz və kimya sənayesi işçilərinin XXIII Spartakiadasına yekun vuruldu.

Həmin kateqoriyadan