Stadionda evlilik təklifi və 127 nömrəli Mendi

Topaz Premyer Liqasının 36-cı turunun “Qəbələ” – “Bakı” oyunundan (3:0) sonra mükafatlandırma mərasimi keçirildi. Allsport.az xəbər verir ki, ölkə çempionatının bürünc mükafatçısı olan “Qəbələ”nin futbolçuları ev oyunundan sonra medallarını aldılar.

Mükafatlandırma mərasimindən öncə Ekiqo Ehiosun diqqət mərkəzinə düşüb. Mikrofonu götürən legioner bütün stadionun eşidəcəyi tərzdə və canlı teleyayımda qız rəfiqəsinə müraciət edib. Ekiqo bu yolla evlilik təklifi etməyi məqsədəuyğun sayıb. Ətrafdakıların və azarkeşlərin “bəli, bəli” sədaların altında meydana Ehiosunun seçdiyi qız daxil olub. Ona nişan üzüyünü təqdim edən futbolçu mükafatlandırma mərasiminə də gələcək xanımı ilə qatılıb.

Ardınca mikrofonu Ekiqodan alan komandanın kapitanı Ruslan Abışov qısa çıxış edərək, azarkeşlərə dəstək üçün təşəkkür edib, ardıcıl 2 mövsüm bürünc qazanan komandanın daha böyük uğurlar qazanacağını bildirib.

127-ci oyununu keçirməklə Dodoya məxsus klub rekordunu təkrarlayan və 33 qolla “Qəbələ”nin bombardiri olan Viktor Mendi diqqət mərkəzinə düşüb. Klubda son oyununu keçirən seneqallıya rəmzi 127 nömrəli forma verilib. 4 mövsüm “Qəbələ”nin şərəfini qoruyan Viktor mükafatlandırmaya da məhz 127 nömrəli formayla qatılıb.

Mendi Premyer Liqada 112 oyunda 29 qol vurub. Kubokdakı 13 matçda 4 dəfə fərqlənən hücumçu Avropa Liqasında 2 dəfə “qırmızı-qara” formada meydana çıxıb.

Mükafatlandırma mərasimi Qəbələ stadionunun meydanında qurulan fəxri kürsüdə yekunlaşıb. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev əvvəl Premyer Liqanın ən yaxşı bombardiri Nurlan Novruzovu mükafatlandırıb.

Ardınca kürsüyə mövsümün bürünc mükafatçıları dəvət olunub. Öncə “Qəbələ”nin futbolçuları bürünc medallarını alıb. Komandanın bəzi üzvləri mükafatlarını almağa öz uşaqları, Ekiqo isə nişanlısı ilə çıxıb. Futbolçuların ardından, məşqçilər korpusu, klub rəhbərliyi və rəsmilər də mükafatlandırılıb. Sonda çempionatın bürünc mükafatçıları xatirə şəkili çəkdiriblər.

Həmin kateqoriyadan