- Baxış sayı: 29
- 21 Noyabr 2024 11:49
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
Bu günlərdə su idmanı növündə 2 təmsilçimiz olimpiya medalı qazandı. Allsport.az saytı xəbər verir ki, Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalov komandamızın bu uğuru barədə fikirlərini “İdman” qəzeti ilə bölüşüb:
– Nəhayət ki, neçə il gözlədiyimiz uğur gəldi. Avarçəkmədə medal qazanıldı və birdən-birə iki fərqli növdə. Federasiya rəhbəri olaraq bununla bağlı təəssüratlarınızı öyrənmək istəyirik.
– İlk növbədə hamını təbrik edirəm. Böyük qələbədir. Bildiyiniz kimi biz London olimpiadasında da iştirak etmişdik. Həm akademik avarçəkmədə, həm kanoedə. Bu il də qadınlar arasında kayak və kayak-slalom əlavə olundu. Mən belə düşünürəm ki, Riodakı medallarımız çox böyük nəticədir – üç finalçımız oldu, bir gümüş, bir bürünc medal qazandıq. Bu, Azərbaycan tarixində ilk dəfədir, gözəl göstəricidir və mən şübhə etmirəm ki, bunun sayəsində gələcəkdə avarçəkmə idman növü daha populyar, daha çox sevilən idman növünə çevriləcək.
– Yəqin ki, öncədən də bir federasiya rəhbəri kimi medal gözləyirdiniz. Ancaq birdən-birə 2 medal…
– Mən, ümumiyyətlə, olimpiadada proqnoz verməyin qəti tərəfdarı deyiləm. Çünki, mən artıq üçüncü olimpiadada iştirak edirəm və görürəm ki, proqnozların əksəriyyəti heç biri təsdiqini tapmır. Götürək elə kanoeni. Yadınızdadırsa keçən il Mingəçevirdə Avropa Oyunları zamanı Litva idmançısı birinci yeri tutmuşdu, Valentin Demyanenko 3-cü yerdə idi. Ancaq fikir verin, bu il həmin o idmançı finala belə çıxa bilmədi. Həmçinin Krayter. Gənc perspektivli idmançıdır, vaxtilə Azərbaycan bayrağı altında çıxış edib. Bu il o, dünya çempionatında qalib oldu. Halbuki, həmin çempionatda Valentin Demyanenko heç final mərhələsinə yüksələ bilməmişdi. Ancaq burada gördüyünüz kimi, Braziliyadan, Gürcüstandan tam yeni idmançılar necə müvəffəqiyyət qazandılar. Yəni, olimpiadada proqnoz vermək düzgün deyil. O ki, qaldı bizim idmançılara, şübhəsiz ki, bunlar adlı-sanlı idmançılardır. Demyanenko 3 dəfə dünya çempionu və 4 dəfə Avropa çempionudur, Osipenko-Radomskaya 5 dəfə olimpiya oyunlarında medal qazanıb, onlardan biri qızıl medaldır. Bu idmançılardan hamı hər bir zaman nəsə bir nəticə gözləyir. Onlar da bizim etimadımızı doğrultdular.
– Demyanenko ilə söhbət edəndə, dedi ki, Tokioda artıq onun medal qazandığı növ olmayacaq.
– Bəli, Tokioda kişilər arasında kanoedə 200 metr məsafə ləğv olunur və onun yerinə qadınlar arasında bu məsafəyə yarışlar daxil ediləcək. Kişilər isə ancaq tək, eləcə də 2-yerlik kanoedə 1000 metrdə yarışacaqlar.
– Valentin dedi ki, mən gərək ya növümü dəyişim, ya da karyeramı başa vurum. Federasiya bununla bağlı hansı addımları ata bilər?
– Bizim artıq gənc perspektivli idmançılarımız var. İdman rəqabət tələb edir. Federasiya hər cür şərait yaradacaq. Əgər Valentin bu yaşda bu rəqabətə dözə bilsə, yarışacaq, dözə bilməsə, yolu gənclərə verməlidir.
Söhbətləşdi: Qabil MEHDİYEV
Rio de Janeyro