Tofiq Heydərov: Bir olmayınca, komanda növlərində qələbə sual altında qalacaq

Azərbaycan millisi AÇ-2020-nin seçmə mərhələsində evdə Slovakiya futbolçularına 1:5 uduzub. Allsport.az saytı xəbər verir ki, rüsvayçı məşlubiyyət idman ictimaiyyətində ciddi müzakirəyə səbəb olub. Azarkeşlər bu məsələdə AFFA-nı günahkar bilərək, elə stadionda qurumu istefaya səsləyib. Son dönəmdə idmanın inkişafında böyük töfhə verən “Zirvə” komanda növlərinə də diqqət ayırmağa başlayıb. Beynəlxalq idman klubunun prezidenti Tofiq Heydərov yığmamızın son çıxışlarına münasibət bildirib:  

“Yazı və çıxışlarımda dəfələrlə idmanımızın inkişaf etməsi üçün lazım olan kütləviliyin və üşaq idmanının ön plana çəkilməsini xüsusi olaraq qeyd etmişəm. İdman cəmiyyətləri və klublarımız, rayon icra hakimiyyəti rəhbərlikləri, Bələdiyyələr, gənclər və idman idarəsi şöbələri, təhsil şöbələri, UGİM və olimpiya kompleksləri rəhbərlikləri bu işlərdə böyük məsuliyyət daşıyırlar. İdmanda kütləviliyin olmasında hamılıqla iştirak etmənin vacibliyi çox önəmlidir. Günahı tam olaraq federasiyalarda axtarmaq tam yanlışlıqdır. Başqa respublikalarda olan vəziyyətə baxanda görürük ki, bələdiyyə və şəhər rəhbərlikləri ən çox bu işlərdə fəallıq göstərirlər. Bizdə isə tam tərsi olaraq İH və bələdiyyələr İdmana aid olan sahələri satmaqla, idmana dəstək olmaq istəyən sahibkarlara köməklik etmək əvəzinə onlara süni manelər yaratmaqla məşğul olurlar. 

Ümumilli lider Heydər Əliyevin İdmana xüsusi yanaşması nəticəsində böyük dəyişikliklərin və inkişafın şahidi olduq. Milli olimpiya komitəsinin prezidenti cənab İlham Əliyevin idmana və idmançılara göstərdiyi qayğı dünyanın heç bir ölkəsində yoxdur. Prezidentimiz respublikamızda keçirilən hər bir mötəbər yarışları ailəsi birgə izlədiyi halda rayon rəhbərlikləri çox zaman ən gözəl tədbirlərimizdə belə iştirak etmirlər. May ayında Xırdalanda keçirdiyimiz ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş 7-ci “Zirvə” beynəlxalq uşaq oyunlarında dünyanın bir neçə ölkəsindən olimpiya çempionları, federasiya prezidentləri, nazirlik və MOK- nin ən yüksək vəzifəli nümayəndələri iştirak etsədə Xırdalan İH- dən bir nümayəndənin belə iştirak etməməsi bizi çox üzdü. Belə yanaşma dövlətimizə və idmanımıza qarşı bir xəyanətdir. Bəzi idman təşkilat rəhbərləri uşaqlar üçün keçirilən bu yarışlarda idmançılarının iştirak etməsinə mane olmasıda idmanımıza arxadan vurulan zərbə saymaq olar. 
Bütün rayon, kənd və şəhər İcra nümayəndələri, bələdiyyə sədrləri idmanın onlara aid olan bölgədə inkişafında məsuliyyət daşıyırlar. Heç bir kəsin vəsaitin olmamasından şikayət etməyə də haqqı yoxdur.

Çünkü onları vəzifəyə təyin edən Prezidentimiz onlar üçün hər bir şəraiti yaradıb. Hər bir bölgəmizdə Macarıstanda, Slovakiyanın mərkəzində belə olmayan Olimpiya kompleksləri inşa edilib. Mən üç ay əvvəl Macarıstanda olan bütün komlekslərə baxış keçirdim. Dövlətimizin bu sahədə gördüyü işlərə görə qürur hissi keçirdim. Amma nəticələrə gəlincə, bizim başımızın aşağı olması hamının günahıdır. Biz bir olmayınca, komanda idman növlərində qələbə qazanmağımız hər zaman sual altında qalacaq. Evimiz, məhləmiz, kəndimiz və şəhərimizdə idmanın inkişafında yaxından iştirak etməliyik. Bu gün idmanımızda ən böyük yatırımı valideynlər etməlidir. Övladlarımızın sağlam gələcəyi idmanın inkişafı və kütləviliyindən asılıdır.

Bir üşağın bir fənn üzrə hazırlığına 100 manatı rahat verən valideynlərimiz uşaqlarını yaxında olan komplekslərdə pulsuz və ya 30 manata olsa belə pullu idman qruplarına aparmağa borcludurlar. Hər işi dövlətin üstünə yıxmaq ədalətsizlikdir. Bu gün stadionda istefa tələb edən azərkeşlərə haqq qazandırmıram. İndiki vəziyyətdə, sabitliyi pozmaq istəyən qüvvələrə xidmət edən bir vasitədir. Belə hadisə “Xəzər Lənkəran”ın uğursuz çıxışları zamanıda baş vermişdi. Lənkəranda futbolun olmamasının əsas səbəblərindən biri azarkeşlərin arasında siyasi məqsədlər üçün istifadə etmələri məsələləri idi. Bir az ayıq olsaq belə hadisələrin qarşısını özümüz almaqla dövlətimizə xidmət etmiş olarıq.

Azərbaycan idmanında böyük xidmətləri olan Ağacan Əbiyevdə bu məsələdə azərkeşlərdən istifade etmək istəyən qüvvələrə qarşı narahatçılığını ifadə etməyə çalışmışdı. Amma ona qarşı istifadə olunan ifadələri özümüzə yaraşdıra bilmirəm. Kim əsəbləşib bir söz demək istəyirsə, öz işində atacağı uğurları ilə cavab versin. Yığılıb problemləri yazılı şəkildə MOK-a, nazirliyə və PA-na müraciətlər və təkliflər etsinlər.

Biz “Zirvə” BİK olaraq artıq uşaq idmanının inkişaf etdirilməsində böyük lahiyələrə start vermişik. Ən böyük ehtiyacımız xalqimiza, valideynlərimizə, ən əsası isə analarımızadır. Uşaqlarınızı idmanla məşğul olmağa həvəsləndirərək ən yaxın idman zalına məşqlərə aparın. Övladlarınızı sağlam ruhda yetışməyinə kömək edin. Mən sevinirəm ki, uşaqlar arasında keçirdiyimiz son yarışda 300 klub və cəmiyyət arasında AAAF park “Zirvə” klubu medal sayında birinci yerə çıxdı. ALLAHIN köməkliyi ilə tez bir zamanda fədəkar məşqçilər, valideynlər və MOK, gənclər və idman nazirliyi, federasiyalarla birgə bütün idman növlərində bayrağımızı Zirvələrdə görəcəyik”.

Həmin kateqoriyadan