Tofiq Heydərov: “Bu il bütün yarışları Xalq Cumhuriyyətimizin 100 illiyinə həsr etmişik”

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının idman zalında ölkə çempionatı izləyənlər arasında Tofiq Heydərov da olub. Allsport.az saytı xəbər verir ki, yarışın gedişatında KİV nümayəndələri ilə görüşən mütəxəssis, bu il təşkil olunacaq bütün sınaqları Xalq Cumhuriyyətimizin 100 illiyinə həsr ediləcəyini deyib:

“Azərbaycan çempionatı müntəzəm olaraq təşkil edilir. Cənab prezident İlham Əliyev bu ili “Cumhuriyyət ili” elan etdikdən sonra biz də il ərzində keçiriləcək bütün yarışlarımızı Xalq Cumhuriyyətimizin 100 illiyinə həsr etmişik. Bu yarışın əsas məqsədi isə yığma komandanın heyətini yenidən formalaşdırmaqdır. Çünki qarşıda bizi çox böyük yarışlar gözləyir. Bildiyiniz kimi, ilin sonunda dünya çempionatı olacaq və burada Tokioda keçiriləcək olimpiya oyunlarına lisenziyalar verilməyə başlanacaqdır, bunun üçün lisenziya xallarını yığmağın zamanıdır. Bundan başqa, bizim yeniyetmələrin yay olimpiya oyunlarında bir lisenziyamız var.

O, müsahibəsində Azərbaycan çempionatında iştirakçı sayının ildən-ilə artdığını da bildirib: “Bu yarışlara ancaq dərəcə normativlərini yerinə yetirə bilən idmançılar iştirak hüququ əldə edirlər. 1 ay bundan əvvəl  zona birincilikləri keçirildi. 4 zona üzrə keçirilən yarışlarda 500-ə yaxın idmançı iştirak edib. Məhz o yarışlardan seçilən idmançılar ölkə çempionatlarında yer alıblar. Elə çəki dərəcələri var ki, orada 3-4 ağır atlet iştirak edir, amma o demək deyil ki, bizim bu çəki dərəcələrində yalnız bu qədər idmançımız var. Sadəcə bu çəki dərəcələrində normativi doldurmayan iştirakçılar bu yarışa buraxılmır”.

Tofiq Heydərov son olaraq martın əvvəlində Bakıda və Sumqayıtda açılan yeni zallar barədə də danışdı və əlavə etdi ki, ilin sonunadək daha 7 zalın açılışı gözlənilir: “Demək olar ki, biz bütün bölgələrimizdə ağır atletika mərkəzlərinin açılmasını planlaşdırmışıq. Burada həmçinin mütəxəssilərimiz və məşqçilərimiz işlə də təmin olunur. Bundan başqa, digər ağır atletika növləri üçün də şərait yaradılır”.

 

Həmin kateqoriyadan