- Baxış sayı: 45
- 23 Oktyabr 2026 14:36
- Baxış sayı: 534
- Oktyabr 21, 2026
- 0

“Turan Tovuz”un yeni vitse-prezidenti Həsən Zeynalov klubu idarə heyətinin sədri Ehtiram Quliyev ilə bağlı yayılan şayiələrə münasibət bildirib. O, “ağ-qırmızılar”ın başqanını əvəzləyəcəyinə dair iddiaları təkzib edib: “Bu vəzifəyə Ehtiram müəllim tərəfindən təyin olunmuşam. O nə qədər buradadır, mən də buradayam. Nə vaxt getsə, mən də onunla gedəcəyəm. “Turan Tovuz”un bütün oyunlarında iştirak etməyə çalışacağam”.
Klub rəsmisi Qurban Berdiyevin komandasının qeyri-sabit çıxış etməsi ilə razılaşmayıb və Tovuza səfər edən reportyorlara belə deyib: ““İmişli”yə məğlubiyyət məni də qane etmədi. Uduzmamalı idik. Amma bir oyunla qiymətləndirməyək. İnanıram ki, bu vəziyyəti dəyişəcəyik. Baş məşqçi dəyişikliyinə getməyi düşünmürük”.
Hər kəsə bəllidir ki, Həsən Zeynalov tovuzludur, futbol azarkeşi olub, ötən il yaradılan “Turan” qadın voleybol klubuna rəhbərlik edir. İdmanda yeni olduğu üçün dərin və həssas məsələlərə azarkeş gözü ilə baxır. Amma “Turan Tovuz” fərdlərin üzərində qurulmayıb. Onun dövlət səviyyəsində məramı, türkçülüyü yaşadacaq hədəfi və “Turan” adında şanlı keçmişi var. Hər zaman ayaqda qalmağı bacarıb, vətənpərvərliyi və millətçiliyi ilə seçilib. Yeganə klubdur ki, stadionun ərazisində vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə guşələr düzəldilib. Futbola da baxışları başqadır. Onu təmənnasız sevirlər, öz iç gücləri hesabına klubu daim yaşadırlar. Kəsəsi, Həsən Zeynalov kimi tovuzlu, Ehtiram Quliyev kimi himayədar olmadan da keçinə bilərlər. Hünər sözdə yox, əməldə olmalıdır!
Leninin qorxduğu, sovet başbilənlərinin türk dünyasının paytaxtı hesab etdikləri Bakıda, dünyaca məşhur ədalət təmsilçimiz Tofiq Bəhramovun adını daşıyan meydanda Türkiyə nəhəngi “Fənərbağça” ilə dostluq görüşündə böyük lövhədə hər zaman türkə yol göstərən Boz qurdun əksində göytürk əlifbasında yazılan “Turan” səmaya işıq saçaraq çox şeyi deyirdi. Məqsəd və məramda, vətənpərvərliklə millətçilikdə şəxsi maraq güdülmür, qarşılıq gözlənilmir. Niyyət saf və dürüst olmalıdır. Zəfər üçün ona doğru yolu göstərən Boz qurdun arxası ilə getmək bəs edər. Xülasə, “Turan Tovuz” əsla şəxsi maraqlara qurban verilməməlidir. Qurbanlıq quzu olur, qurd yox!

“Dədə Qorqud” filmində bir səhnə var. Qazan xan divanxanada oğlu Turalı (dastanda Uruz) soruşur. Bu zaman Alp Aruz qayıdır ki, bayaq onu Qazlıq dağının yamacında gül-çiçək dərərkən görüblər. Oğuzların başçısı əsəbləşir. Bir qədər sonra saraya daxil olan varisinə irad bildirir. Deyir ki, bu igidlər hər biri öz yerini qılıncıyla oxuyla alıblar. Tural belədə: “Hünəri atamı oğuldan öyrənər, yoxsa oğulmu atadan?” Bu zaman xanlar xanı qayıdır: “İgidlər, Tural düzmü söylədi?” Yaxşı olar, Həsən Zeynalov öyrənsin, öz doğma futbol klubunu qarşılıqsız sevsin. Elə ona çalışan, şirəyə toplaşan ətrafındakı həmyerliləri də. Hünər çatmayanda, sabah o mirzələr olmayacaq, amma “Turan”ı sidqi-ürəkdən sevən, çətin dönəmlərdə pulsuz işləyən Süleyman Tağıyev yenə orda olacaq!
Y.S. Bilməyənlər bilsin, unudanlara xatırladım ki, “Turan” VK barədə ilk müjdə (https://sportnews.az/voleybol/tovuzda-voleybol-uzre-yeni-turan-klubu-yaradilib), sıralama keçid xəbərləri (https://allsport.az/goy-qurdlar-millimizin-hucumcusu-il%c9%99-anlasib/) və yüksək liqada oyundan sonra 1-ci və yeganə müsahibə (https://turanvk.az/xeberler/24-turann-yeniyetm-voleybolcusu-mqsdimiz-cempion-olmaqdr.html) Allsport.az portalı tərəfindən alınıb yayımlanıb. O zaman həmin mirzə(lər) Həsən Zeynalovun ətrafında dolaşmırdılar, oyunlarda izləri belə yox idi, gələcək o uğuru görmürdülər; onu duya da bilməzdilər, çünki onların bacaracağı bir şey deyildi…
Kamran HACI