Davam edir – Yersiz gəldi, yerli qaç. Gələn tox, qalan ac

Davam edir – Yersiz gəldi, yerli qaç. Gələn tox, qalan ac

Azərbaycan cüdo federasiyasının yeni rəhbərliyinin yerliləri sıxışdırmaq, bəzən  aşağılamaq, əvəzində gəlmələrə şərait yaratmaq, onları yuxarı başda əyləşdirmək ənənəsini davam etməkdədir. Siyahıya baxsaq, orada müxəlif çevrənin idman adamlarına rast gələrik. Amma bu dəfə söhbət daha aşağıdan başlayır. Üstəlik, bir az da siyasidir – yəni qəliz və dərin. Firəngiz Kamilova (fəxri kürsüdə soldan 1-ci) paytaxtın 13 saylı İOEUGİM-in təmsilçisidir, ölkənin istedadlı yeniyetmə cüdoçularından sayılır. 14 yaşlıların Azərbaycan birinciliyində 48 kq-da mükafatçılar sırasına düşüb. Bu il Abşeron olimpiya idman kompleksində keçirilən U-14 liqa yarışının III turunda 52-da gümüş medal qazanıb. “Avropa cüdo ümidləri”ndə isə 57 kq-da qalib olub.

Nəticə verən idmançımız 52 kq-da özünü daha yaxşı göstərir. Amma bu çəkidə onun dünya miqyasında parlamasının qarşısını kəsən süni maneə var: kişilərdən ibarət millinin böyük məşqçisi Slavko Tekiçin qızı Yelena! Qədim tarixdə o Troyanın başına müsibət açıb, zəmanəmizdə adaşı Firəngizin gələcəyini məhv edir. İdmanda rəqabət yaxşı şeydir, ancaq o sağlam ola. Bu azmış kimi, “sapı özümüzdən olan baltalar” serbiya əsilli almaniyalı mütəxəssisə məddahlıq edib göz görə-görə azərbaycanlı qızın haqqına girirlər. Dəhşətli və ağrılı mənzərədir: davam edir -yersiz gəldi, yerli qaç; gələn tox, qalan ac.

Halbuki ikili mübarizədə Firəngiz Yelenadan (şəkildə tən ortada yüksəkdə dayanan) bir baş üstündür. Öz “ippon”ları ilə yadellini gözünün odunu alıb. Elə alıb ki, qarşı tərəf artıq ailəliklə onunla “mübarizə aparır” – Yelena məşqlərdə rəqibini qəsdən əzir, atasına görə hakimlər mühüm xalları Kamilovaya vermirlər, anası Anjela Tekiç vaxtaşırı hər məsələyə müdaxilə edir, psixoloji basqı göstərir, yarışqabağı tez-tez vətəndaşımızın çəkisi ilə maraqlanırlar və onu tərəziyə göndərtdirirlər. Bununla kifayətlənməyib, Anjela xanım yerli hakimlərlə çöldə nələrisə müzakirə edir. Mənbə belə söyləyib. Əlavə edib ki, nədənsə iç yarışlarda Yelanaya qarşı “ipponlar” hesaba alınmır.

Noyabr 8-ində Abşeron olimpiya idman kompleksində 14 yaşlı yeniyetmələrin Bakı birinciliyində Firəngiz 57 kq-da 3-cü olub. Hiss olunur ki, ona yeni çəkisində çətindir. Yelena isə bu yarışa qatılmayıb. Ara yerdə nə dəyibsə, elə bizimkinə dəyib. Araşdırma nəticəsində məlum olub ki, həmyerlimiz bir müddətdir atasını itirib. Ailə başçısı da idmançı olub, uzun müddət xəstəlikdən əziyyət çəkib. 14 yaşlı qızcığazın qardaşları da cüdo ilə məşğul olurlar, xeyli zaman zədə ilə mübarizə aparıblar. Ədalətsiz mənzərədir: bir tərəfdə atasız və köməksiz azərbaycanlı balası (ailəsi), digər yanda valideyni kişilərdən ibarət millinin böyük məşqçisi olan əcnəbi vətəndaş!

ACF-dən sızan bilgiyə görə, gənclər millisinin üzvü Nazim Kamilovun bir neçə dəfə cərrahiyyəyə ehtiyacı olub, amma məsələ heç də asanlıqla həllini tapmayıb. Ailə bir dəfə öz əlaqəsi vasitəsi ilə Rəşad Nəbiyevə çıxıb. Federasiya prezidenti göstəriş verəndən sonra onun əməliyyatına maliyyə ayrılıb. Başqa vaxt məsələni yəhudi diasporu yoluna qoyub. Çünki cüdoçuların bir tərəfi yerli musəvilərdəndir. Tarixi mənbələrə görə, ölkəmizdə yaşayan bu xalq orta əsrlərdə bütün Qafqazda və İtil (Volqa) çayı ətrafı mövcud olmuş Xəzər xaqanlığında yaşayan türklərdir və bu dövlət süqut etdikdən sonra onların böyük qismi Avropanın içərilərinə köç etmiş, yerdə qalanlar Qara dəniz hövzəsinə və güney Qafqaza pənah aparmışlar.

Hər kəsə bəllidir ki, 44-günlük 2-ci Vətən savaşında İsrailin Azərbaycana hərbi və siyasi dəstəyi olub. Bu, öncələr də baş verib və 2 ölkə arasında sıx tərəfdaşlıq var. Ola bilsin, həmin əlaqə ACF-də kim(lər)insə xoşuna gəlmir və uşaq vaxtı hər dəfə yaşadığı mənəvi zərbəni ora əlavə edib özlüyündə “düşmənlər” indən qisas alır. Əks halda, İran – ABŞ/İsrail müharibəsi zamanı “Globkom” TV-də və Globkom.info-da İsraili və onu müdafiə edən azərbaycanlıları təhqir edən (https://allsport.az/forvard-az-in-aparici-%C9%99m%C9%99kdasi-3-ayliq-h%C9%99bs-olunub-video/), Peşəkar futbol liqasının ölkə çempionatlarını işıqlandırmaq üçün təşkil etdiyi rayon səfərləri layihəsində ulu öndər Məhəmmədəmin Rəsulzadənin və digər qurucu babalarımızın, Milli azadlıq hərəkatının öncülü Əbülfəz Elçibəyin, eləcə də hazırkı hökumətin əleyhinə kəskin danışan, idman yazarlarını Baltikyanı ölkələrə köçməyə təşviq edən, Avropada təxribatçılar və yerli feministlərlə dolayısı əlaqədə olanlarla təmas quran, sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair materiallar yayan, ötən ilin noyabrın 7-sində Böyük Okytabr Sosialist İnqilabının 108-ci ildönümü münasibəti ilə paytaxtın Nizami rayonunda Zəhmətkeşlər bağında keçmiş SSRİ və Azərbaycan SSR bayraqları ilə yürüş edən və bu hadisədən bir qədər sonra müxtəlif ittihamlarla saxlanılan, martın 16-da Nizami rayon məhkəməsində gedən prosesdə 2 il hökm oxunan (https://allsport.az/forvard-az-in-t%C9%99xribatci-%C9%99m%C9%99kdasina-2-il-h%C9%99bs-c%C9%99zasi-verildi/) Forvard.az saytının əməkdaşı Abdulla İbrahimlinin müdafiəçisi və baş redaktoru Ağa Dadaşzadəni 3-6 sentyabrda Çernoqoriyanın (Qaradağ) paytaxtı Podqoriçada keçirilmiş gənclərin Avropa birinciliyinə niyə ezam etsin ki? Bu saytda məlum hadisədən sonra bütün məlumatları silinib (https://allsport.az/h%C9%99bsd%C9%99-olan-forvard-az-in-%C9%99m%C9%99kdasinin-isi-uzr%C9%99-m%C9%99hk%C9%99m%C9%99-baslayib/) və bu ilin fevraldan yenidən fəaliyyətə başlanılıb – ayda bir neçə gün xəbər yerləşdirilir. O da süni zəka vasitəsi ilə digər idman saytlarından köçürülür. Üstəlik, forvard.az həvəskar fəaliyyət göstərir, Media və yayım şurasının reyestrindən belə qeydiyyatdan keçməyib.

Başqa mülahizələr də var: idman ictimaiyyətinə yaxşı məlumdur ki, Rəşad Rəsullunun icazəsi olmadan ACF-də quş da belə uça bilməz. O üzdən hər şey onunla razılaşdırılır. Şübhə yoxdur ki, Balkanlara səfər siyahını mətbuat katibi Elmar Rza hazırlayıb təqdim edib, icraçı vitse-prezident təsdiqləyib. Xəbərçilik kimi çıxmasın: Abdulla İbrahimli və Elmar Rza qazaxlıdırlar və onun da “Toplum” TV, “Meydan” TV, “Kanal-13”, “Abzas media” işlərində həbs edilənlərlə birbaşa və dolayı əlaqədə olanlarla bağ ehtimalı var.

Yeri gəlmişkən, 2015-ci ildə yeniyetmələrin dünya birinciliyinin gümüş medalçısı (55 kq), 2018-ci ildə gənclərin Avropa çempionu və böyüklər arasında açıq Avropa turnirinin qalibi, sonrakı illərdə 66 kq-da çıxış edərək Polşa paytaxtı Varşavada keçirilən eyni yarışda bürünc medal qazanan Tofiq Məmmədov və onun məşqçisi Naib İsmayılov bir müddət öncə saxlanılıblar. Adı ilk çəkilən şəxs “Hürriyyət” qəzetinin, Hurriyyet.az saytının və “Hürriyyət TV”nin baş redaktoru Vüqar Məmmədovun oğludur. O, 29 oktyabr 2025-ci ildə DTX-nın keçirdiyi əməliyyat zamanı saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

ACF-də nöqsanlar çoxdur və azalmaq əvəzinə daha da çoxalır. Pandemiyadan öncə hakimliyə həvəslə qoşulanlar – Fuad Yolçuyev, Ayaz Abbasov, Bəxtiyar Cəfərov, Mansur Abbasov, Hüseyn Məmmədov və Fəxrəddin Əliyev son dönəmdə ümidsizliyə qapanıblar və bu sənəti tərk etməyi düşünürlər. Çünki onları daha yarışlara təyin etmirlər, inkişaflarına səy göstərmirlər, gələcəkləri ilə maraqlanmırlar. Bəzisi düzəndən tam qopmamaq üçün öz təşəbbüsü ilə tədbirlərə qatılır, orada ictimai əsaslarla fəalyyət göstərir. Ümidverici hakimlər bu illər ərzində nəinki beynəlxalq, heç yerli dərəcəni xəyal edə bilmirlər. Amma elə referi var ki, son 2-3 ildə bu işlə məşğul olmasına rəğmən, artıq “B” kateqoriya alıb.
Hakimlər komitəsinin sədri Natiq Bağırovdur. Özünün dediyinə görə, bu işdən pul almır və ACF-in prezidentinin müşaviri kimi həmin sahəyə kömək edir. Bəzi məsələlərə qarışmır. Bildirdiyi kimi, işi kiminsə önünü kəsmək deyil, açmaqdır. Mətin Rəhimli referilər üzrə menecerdir. Qurumda digər söz sahibi Abbas Şahverdiyevdir. 

Y.S. Araşdırma və əlavə bilgilərin toplanması davam edir. Allah qoysa, növbəti yazıda bu işin arxasında dayananı ifşa etməyi özümüzə borc bilirik. Dəqiqləşdiriləsi, amma öncədən bilgisi verilməsi mümkün olmayan başqa bir məqam da var. Sağlıq olsun, onun üzərində çalışma davam edir.

Həmin kateqoriyadan