- Baxış sayı: 42
- 09 Noyabr 2026 13:35
- Baxış sayı: 46
- Noyabr 09, 2026
- 0

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndi stadionunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. Allsport.az saytı xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına idman qurğusunda yaradılmış şərait barədə məlumat verib. Xankəndi şəhər stadionu 1956-cı ildə istifadəyə verilib. 2023-cü ildə Azərbaycan silahlı qüvvələrinin həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində Xankəndi şəhəri erməni işğalından azad olunub. Bundan sonra stadionun əsaslı şəkildə yenidən qurulmasına başlanılıb.
Xankəndi stadionu əsaslı təmir edilərək UEFA-nın 3-cü dərəcə qaydalarına uyğun qurulub, ərazisi genişləndirilərək 3,39 hektara çatdırılıb. Stadionun ümumi tamaşaçı yerlərinin sayı ümumilikdə 8554-dür. Onlardan da 8214-ü standart oturacaqlı, 251-i isə xüsusi qonaqlar üçün olan yerlərdir. Bundan başqa, 59 yer media, 30 yer isə fiziki imkanları məhdud olan şəxslər üçün nəzərdə tutulub.
Uzunluğu 105, eni isə 68 metr olan futbol meydançasına süni ot örtüyü döşənib. Meydançanın ətrafında isə atletika zonası yerləşir. Bu zona 100 metr, eyni zamanda, 200 metrdən 10 min metrədək məsafələrə qaçış, o cümlədən maneələrlə qaçış, uzununa tullanma və digər zonalardan ibarətdir. Stadionda futbolçular və texniki heyət, həmçinin hakimlər, məşqçilər, media nümayəndələri üçün otaqlar, konfrans zalı, tibb məntəqəsi var.