Uğursuz!

“İd­man sa­hə­sin­də bey­nəl­xalq ya­rış­lar­da əl­də olu­nan nai­liy­yət­lər çox qiy­mət­li­dir. On­la­rın qiy­mə­ti Azər­bay­can xal­qı­nın tək­cə, fi­zi­ki cə­hət­dən yük­sək key­fiy­yət­lə­rə ma­lik ol­du­ğu­nu nü­ma­yiş et­dir­mək­dən iba­rət de­yil, həm də müs­tə­qil Azər­bay­ca­nı dün­ya­da ta­nıt­dır­maq­dan iba­rət­dir”. Bu fikir 3-cü prezident Hey­dər Əli­yevə məxsusdur. Maraqlıdır, ümummilli öndərin uzun illər öncə verdiyi dəyərə, önəmə idmanın ən məşhur növü olan futbolda əməl olundumu? Oldu, amma tərsinə – Azərbaycan dünyada bir məğlub komanda kimi tanındı və iş o yerə çatdı ki, artıq Avropanın «cırtdan ölkələri»nin yığmaları nəticədə bizi ötməyə başladı. Bu azmış kimi, tarixində ilk dəfə qitə çempionatının final mərhələsinə, AÇ-2020-yə ev sahibliyi etmək fürsəti qazanan bir ölkənin millisi bəh-bəhlə gətirilmiş əcnəbi məşqçi – Nikola Yurçeviçin rəhbərliyi ilə qrup ələməsində cəmi 1 xal yığdı. Başqa sözlə, 23 il öncə Ağasəlim Mircavadovla, elə bu yarışda, ən acı sonluğu təkrarladı. O mütəxəssislə ki, geridə qalmış məkan nəzərdə tutulanda, daim Afrikanı önə çəkirdi. Ancaq hələ də dərk etmirdi ki, «Qara qitə»nin futbolu onun məmləkətini çoxdan, özü də yarım əsrlik ötüb keçib.

Futbolumuzun inkişafı ilə bağlı prezident İlham Əliyev də böyük addım atmışdı. O, 2005-2015-ci illərdə bu idmanın inkişafına dair dövlət proqramı təsdiq edilməsi haqqında sərəncam imzaladı. Lakin nəticədə nə oldu? Yığma 1 bir yox, 5 addım da geri getdi. Üstəlik, 14 komandalı çempionatdan, 8 komandalı premyer liqaya düşdük! Bəli, o Azərbaycan futbolu ki, bayaq qeyd etdiyim Lüksemburq, Lixtenşteyn kimi əhalisinin sayı yarım milyon olan kiçik diyarların yüksək dəstəsində 14 klub mübarizə aparır.

Yaxşı, kimdir günahkar? – O, bəllidir: araşdırmağa, baş sındırmağa gərək yoxdur – 12 il öncə futbolumuzun idarəçiliyinin başına keçən Elxan Məmmədov! Bəla odur ki, indiyədək bütün layihələri fisko ilə nəticələnib. Son qəbrə göndərdiyi media komitəsi oldu. El arasında ona «qaradaban» da deyirlər. Ruzi-bərəkət o gələndən sonra çəkilməyə başladı. Cürbəcür oyunlarla futbolu bazara çevirən işbazlar azarkeşləri futboldan küsdürdülər. İndi həmin insanlar nə qədər çalışırlar, tamaşaçıları stadiona gətizdirə bilmirlər və boşuna gileylənirlər.

«Sumqayıt», «Neftçi», «Keşlə» «Səbail»i maddi yardımla nəzarətə götürən, amma zamanında «Bakı»«Xəzər Lənkəran» kimi bazası olan komandaları dar ayaqda qoyaraq, miraslarını ələ keçirmək üçün min fənd işlədən, indi «Qəbələ»yə dəstək vermək istəməyən bir şəxs futbolun düşmənindən başqa bir kimsə deyil! Ən dəhşətlisi, qara əməlindən doymayan baş katib futbolun gözəlliyi sayılan rəqabəti də öldürdü. Gərginlik, ajiotaj, güzəştsiz mücadilə Sadıq Sadıqovlu «Neftçi» ilə getdi. Elə getdi ki, dünyanın huri-qılmanları da yığışıb onu çözə bilmir – ardıcıl 3 mövsüm çempion olan, ilklər edən flaqman 6 ildir qızıl medallara həsrətdir.

Ara qarışdırmaqda və hiyləgərlikdə mahir olan baş katib Rövnəq Abdullayevi KİV-dən küsdürdü. AFFA prezidenti xeyli müddətdir ki, idman jurnalistlərinə müsahibə vermir. Səbəbi aşkarlamaq üçün o qədər də fikirləşməyə ehtiyac yoxdur. Elxan Məmmədov özünə yaxın qələm əhlini ona qarşı yönəldib – futbolda uğursuzluqda guya günahkar o deyil, Rövnəq Abdullayevdir. Bunun isə bir sadə məntiqi isbatı var: bu şəxs cüdoda da prezidentdir. Özü də cəmi 3 ildir. Orda yüksəliş, qələbə göz önündədir. Demək, futbolda qüsur prezidentdə deyil, icraçılardadır.

Azərbaycan xalqı dahi xalqdır, bunu həmişə qeyd edirəm. Ziyalılarımız hansı quruluşda yaşamasına rəbmən, öz məqalələrində və filmlərində sətir arası sözünü deməyi bacarıblar. «Axırıncı aşırım» filmində Kərbalayi ilə Abbasqulu bəyin dialoqu var. Bolşeviklərin nümayəndəsi köhnə dostuna deyir ki, papağını qabağına qoyub fikirləşsin: tərsliyin mənası yoxdur, tərəflərin gücü bəllidir, silahı yerə qoysun. Həmin söhbət indi yerinə düşür. Elxan Məmmədov, papağın varsa, qabağına qoy fikirləş, gör futbolu nə günə salmısan. Himnimiz uzundur bəhanəsi ilə onu qısaltmaq, səni tənqid edən jurnalistləri işdən çıxartdırmaq, veriliş, sayt bağlatmaqla deyil. Get Abbas Səhhətin «Vətən» şeirini oxu və nə qədər gec deyil istefa ərizəni yaz.

Kamran HACI

Həmin kateqoriyadan