Vinisiusun evi yandı

“Real Madrid”in futbolçusu Vinisius Juniorun Alkobendasın dəbdəbəli La Moraleja məhəlləsində yerləşən evində yanğın baş verib. 

Allsport.az xəbər verir ki, ilkin məlumata görə, buna elektrik naqillərində yaranan nasazlıq səbəb olub. 

Yanğın zirzəmidə yerləşən saunanın asma tavanında başlayıb. Otaq tamamilə dağılıb. Hadisə ilə bağlı səhər saat 11:00 radələrində fövqəladə hallar xidmətinə zəng daxil olub, bundan sonra hadisə yerinə iki yanğınsöndürən briqadası gəlib. Onlar tez alovun qarşısını alıb, tüstü basmış otaqları havalandırıblar.

Tüstü evin iki mərtəbəsinə yayılsa da, xəsarət alan və zəhərlənən olmayıb. Hadisə baş verən zaman Vinisius xaricdə olub. O, hazırda Militao və Rodriqo ilə Seuldadır və Karlo Ançelottinin rəhbərliyi altında Braziliya millisinin oyunlarına hazırlaşır.

Komanda oktyabrın 10-da Cənubi Koreya, oktyabrın 14-də isə Yaponiya ilə qarşılaşacaq.

Həmin kateqoriyadan