Vüqar Əzimov və Süleyman Məmmədli Avropa kubokunun qalibi olub

Dekabrın 6-da Polşanın Tarçin şəhərində döyüş sənəti üzrə Avropa kuboku yarışları keçirilib. Turnirdə Azərbaycan idmançıları iki qızıl medal qazanıb. Allsport.az xəbər verir ki, bu yarışlarda respublikamızı Vüqar Əzimov və Süleyman Məmmədli təmsil edirdi.

90 kq çəki dərəcəsində çıxış edən dünya və Avropa çempionu Vüqar Əzimov Azərbaycan nümayəndələri arasında Avropa kuboku qazanmış ilk idmançı olub. Vüqar Əzimov “universal döyüş” nominasiyasında Danimarka, Polşa və Çexiyanı təmsil edən rəqiblərindən daha güclü olduğunu sübut edərək Avropa kuboku qazanıb.

Bu beynəlxalq turnirdə daha bir həmyerlimiz – xapki-do üzrə 10-cu dan və qara kəmər sahibi Süleyman Məmmədli də qalib gəlib. Eyni zamanda Vüqar Əzimovun şəxsi məşqçisi olan Süleyman Məmmədli veteranlar arasında Avropa kuboku qazanıb.

Turnirdə 15 ölkəni – Azərbaycan, Danimarka, Polşa, Moldova, Ukrayna, Almaniya, İtaliya, Macarıstan, Slovakiya, Çexiya, Belçika və başqa dövlətləri təmsil edən 500-dən çox idmançı iştirak edib.

Bu turnir cari mövsümdə Azərbaycan döyüşçüləri üçün sonuncu yarış olub.

Həmin kateqoriyadan