“Yanq Boyz” “Qarabağ”la oyunlar öncəsi baş məşqçisini qovdu

Avropa Liqasının pley-off mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Yanq Boyz”un baş məşqçisi istefaya göndərilib. Allsport.az xəbər verir ki, İsveçrə klubu baş məşqçi Ulrix Forteylə yollarını ayırmağa qərar verib.

Bu barədə klub saytı məlumat yayıb. Məlumatda bildirilir ki, rəhbərlik klubun cari mövsümdəki çıxışını diqqətlə analiz etdikdən sonra komandada “yeni nəfəs”ə ehtiyac duyulduğu qənaətinə gəlib. “Yanq Boyz”un İsveçrə çempionatının ilk üç turunda qələbə qazana bilməməsi (hər üç oyunda heç-heçə), Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Fransanın “Monako” klubuna qarşı oyunlarda komandanın uğursuz çıxışı (1:3, 0:4) baş məşqçi istefasını şərtləndirib. Hansı ki, məhz fransızlara məğlubiyyətdən sonra “Yanq Boys” Avroliqaya düşərək, “Qarabağ”a rəqib olub.

Ağdam klubunun rəqibini müvəqqəti olaraq, bunadək Fortenin köməkçisi vəzifəsində çalışmış Harald Qamperle çalışdıracaq. Amma güman ki, tezliklə İsveçrə klubuna yeni baş məşqçi təyin olunacaq.

Qeyd edək ki, “Qarabağ”la “Yanq Boys” arasındakı ilk oyun avqustun 20-də Berndə, cavab görüşü isə ayın 27-də Bakıda keçiriləcək.

Həmin kateqoriyadan