“Yaxşı kombinasiyalarımız oldu”

Premyer liqanın X turunun “Kəpəz” – “Qarabağ” oyunundan (0:5) sonra qonaqların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

Allsport.az xəbər verir ki, 52 yaşlı mütəxəssis görüş barədə fikirlərini açıqlayıb:

“Futbolçularımı təbrik edirəm. Müəyyən fasilədən sonra bizim üçün çox vacib qalibiyyət idi. Düzdür, oyundan tam razı qalmadım. Həm meydançanın durumu, həm də futbolçuların hazırlığının fərqli səviyyədə olması səbəbindən istədiyimiz dinamika yox idi. Futbolçuların bir-birini sığortalaması düşündüyümüz kimi deyildi. Demək olar ki, yalnız dünən bütün komanda olaraq bir yerdə məşq keçmişik. Yenə də yaxşı kombinasiyalarımız oldu. Xüsusən də, ikinci hissədə”.

Baş məşqçi UEFA Avropa liqasının liqa mərhələsinin III turunda Niderlandın “Ayaks” klubuna qarşı oktyabrın 24-də keçiriləcək oyunla bağlı da fikirlərini bölüşüb: “Bu gün yorğun olan futbolçuları qorumağa çalışdım ki, onlardan biri də Yassin Benzia idi. Onu ilk dəqiqələrdən meydana buraxsaydım, böyük risk edərdim. Yaxşı futbol oynayan, düşünülmüş kombinasiyaları olan komandaya qarşı çıxış edəcəyik. Meydanda nəinki çox hərəkət etmək, topla oynamaq, onlara qarşı daha çox düşünmək lazım olacaq”.

Həmin kateqoriyadan