Batı YAR
Zaman sınağı, ulduzlara yolçuluq və Kamranın monoloqu

Bəxtiyar Məmmədov | batyyar@mail.ru

Allsport.az-ın 1 yaşı münasibəti ilə

Bir il bəzən bir ömür qədər uzun, bəzən isə bir saniyə kimi qısa görünə bilir. Məqsədim bunun səbəblərinin psixoloji, yaxud fəlsəfi mahiyyətini araşdırmaq, fikir mübadiləsi aparmaq deyil. Çünki hər ikisinin illüziyasını formalaşdıran amillər bir-birinə yaxın, yaxın olduğu qədər də uzaq və fərqlidir. Bir də ki, zaman, bir dahinin təbirilə desək, heç nəyin dəyişə bilməyəcəyi xülyadır və elə buna görə də əlçatmaz, ünyetməzdir. Bir ağıllı da deyib ki, zaman ilğımdır, xoşbəxtlik anında qısa olur, əzab məqamında uzanır. Kamranın çox sevdiyi mücərrəd müqayisələrdən birinə də müraciət edərək deyim ki, zaman dəyirman da deyil ki, incəbel Rosinantı yəhərləyib, bir ömür boyu ona sarı çapasan. Ən doğrusunu da beynəlmiləl dədələr deyib: zaman ən yaxşı təbib, ya da dərdlərin çarəsidir.

Ötən bir il boyunca hansı at belində çapdığını bilmirəm, amma Kamran da, nəhayət, köhlənini yəhərləyib özünün ilk müstəqil amalına doğru yürüməyə başladığı gündən bu qədər müddət keçir. İndi özü dəqiq bilər, bu bir il bir göz qırpımı kimi keçdi, yoxsa indidən ömrlük süd – karvan yolunun işığına çevrilib. Yəqin bunu da elə haman çaralı-amansız zaman özü göstərər.
Təkcə əhatə dairəsi, məzmunu ilə deyil, hətta dizaynı ilə Kamran istəyinin, Kamran həvəsinin məntiqi başlanğıcı adlandıra biləcəyim bu sayt, haradasa Kamran düşüncəsinin də can atdığı zirvələrə doğru yolun astanasıdır. Kamran təfəkkürünün ölçü miqyasına bələd olduğumdan bunu astana hesab edirəm – həmin karvan yolunun astanası.

Ötən bir il ərzində «allsport.az»ın sətirlərində «Kamranın monoloqu»nu izlədik. Nə hay-küy, nə yalançı sensasiyalar, nə iddialar, nə qərəz, nə də vəd gördük. Sadəcə, öz xəbərini, öz sözünü gördüyü, oxuduğu, bildiyi obyektivliyin süzgəcindən keçirməklə oxucuya çatdırıb, rəğbət qazanmaq üçün çalışdı. Avazını təbinə görə tutdu: nə bağırdı, nə hayqırdı, nə savaşdı, nə vuruşdu, ulduz karvanına doğru öz yolunu yeridi. Ayaq atan körpə kimi asta-asta öz yerini tutmağa səy göstərdi, çalışqanlığını əsirgəmədi. Bu mənada «allsport.az»ın bir ili bir göz qırpımı kimi, bir an kimi gəlib keçdi.

Əslində, obyektiv mənzərə belədir ki, bu gün idman saytlarımızda, hətta onların ən gurunda, ən hay-küylüsündə, ən reytinqlisində belə ancaq monoloqlar səslənir. Cəmi bir il keçsə də, «Kamranın monoloqu» onlar arasında öz repertuarının aktuallığını qoruyur. Qoruyursa, ümidi də var. Çıxdığı böyük səhnədə bu mono-müraciətə futbol ictimaiyyətinin, azarkeş ordusunun, oxucu kütləsinin reaksiyasından, səhnə arxasında, kuluarlarda gəzən söz-söhbətdən anlamaq olur ki, bu monoloq ünvanına tez yetişib.

Təsadüfdən bu kiçik qeydləri zaman sınağı, uluduzlara karvan yolu və səhnə repertuarından keçirməklə bu nöqtəyə gətirmədim.
Seneka deyib ki, yalnız zaman bizə məxsusdur. Bu yəqin ki, ağılla düşünüb daşınanlara, qərar verənlər, irəliləyənlərə aiddir. Bu gün qədər bu yolu seçmiş «alssport»un istərdim bundan sonra da yolu bu olsun. Ulduzlar kəhkəşanına doğru yolda bərkiyən addımları, böyük səhnədə isə möhtəşəm repertuarlar özü anşlaqı təmin edəcək.

Həmin kateqoriyadan