- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Məlum olduğu kimi, ötən cümə sərbəst və yunan-Roma güləşi üzrə yığmanın üzvləri Olimpiya Güləş Mərkəzinin həyətində bir araya gələrək etiraz tədbiri keçiriblər. Adlı-sanlı bahadırlarımız hünər meydanında olduğu kimi, bu toplantıda da KİV qarşısında sinələrini önə verib öz sözlərini deyiblər. Onların əsas gileyi uzun müddət maaş almamaları və şəraitsizlik olub. Güləş ölkədə milli və ən qabaqcıl idman növü olduğundan, komandaların addımı ictimaiyyətdə böyük əks-səda yaradıb. Bu işdə sadə vətəndaşlar pəhləvanlarımızı dəstəklədilər, mütəxəssislər təmkinli davranıb AGF-in illər boyu bu idman növünə hədsiz diqqət və qayğısını xatırlatdılar. Bəlli duruma gənclər və idman nazirliyində güləş üzrə seleksiyaçı, dəfələrlə SSRİ və Avropa çempionu, Əməkdar bədən tərbiyəsi və idman xadimi Əhəd Əliyev də biganə qalmadı. Allsport.az saytına verdiyi açıqlamada o tərəfləri sülhə çağıdı:
«Bir neçə gündür ki, güləşçilərlə bağlı xəbərlər ölkə gündəmini zəbt edib. Mətbuat onlara istinadən inciməklərindən, maaşlarını ala bilməmələrindən yazır. Veteran idmançı, güləş camiyəsinə dərin bələd olan şəxs kimi, bu məsələdə hər 2 tərəfi haqlı sayıram. Adətən, günün yaxşısı, pisi olur. Bizlər həmişə Vətən, xalq və himn üçün güləşmişik. Bu bizim peşə borcumuz olub. İndi ki, belə söz-söhbət əmələ gəlib… Burada güləşçiləri də başa düşmək lazımdır: çəki salırlar, meydanda mübarizə aparılar, xalqı daim sevindirmək istəyirlər, ölkə başçısının xeyir-duasını görürlər, vətənpərvərdilər, yarışlarda məsuliyyət daşıyırlar və sairə. Amma indi, hardasa cavandılar, səhv buraxıblar, bir az səbrsiz, hövsələsiz addım atıblar – pis günün ömrü az olar, – yaxşı günlər gələr, necə ki, əvvəl varıydı.
Rəhbərlikdir, onunla heç vaxt nəyisə müqayisə etmək olmaz. İmkan olanda, hər şey ediblər, olmayanda gözləyiblər. Məsləhət görürəm ki, güləşçilərimiz bir az səbrli olsunlar. Bu məsələ belə qalmayacaq, hər şey öz yerini tapacaq. Burada kimisə müqəssir axtaran yoxdur. Mənim idmançı qardaşlarım, dostlarım, övladlarım, güləş bizə doğmadır, düşmənləri sevindirmək lazım deyil. Bu məsələ ailə məsələsidir, öz içimizdə həll edib yoluna qoymalıyıq. Mən elə bilirəm ki, hər halda, bu iş güləşçilərimizin xeyrinə bitəcək.
Çünki Azərbaycan prezidenti İlham Əliyevin daim idmana və idmançılara diqqət və qayğısı var. Xeyli müddətdir, bizi dünyada idman ölkəsi kimi tanıyırlar. Hər işimiz idmanla bağlıdır, İdman nə deməkdir? Sülhün carçısı. Ermənilərlə müharibə şəraitində olmağımıza baxmayaraq, hər zaman sülh tərəftarıyıq. Ölkə başçımızın tutduğu mövqe budur. Yəni, əziz qardaşlar, hər şey yaxşı olacaq, bir az təmkinli olun. Düzdür, müəllimlərinizin üzərinizdə haqqı var, çox zəhmət çəkirlər, onların da ehtiyacı var. Vəziyyət duzələcək. Federasiya hər şeyi görür, kim nəyə layiqdirsə, qiymətini alacaq».
Qeyd: Əhəd Əliyev fotoda öndə ortada dayanıb