Əjdər Cəfərov – Güləş federasiyasının ən uğurlu baş katibi

Güləş federasiyasında hərci-mərclik davam edir. Heç kim bir-birini dinləmir, eşitmək istəmir. Özbaşınalıq baş alıb gedir. Əzilənlər hər gün yeni xilaskarın gəlməsi ümidi ilə yaşayırlar. Maliyyə durumunda da qeyri-müəyyənlik qalmaqdadır. İş o yerə çatıb ki, zamanında ölkənin ən öndə gedən federasiyasında indi vitse-prezidentli adi əməkdaşlı 10 nəfər ya çalışa, ya çalışmaya. «Axırıncı aşırım»da Vəlinin söylədiyi kimi, hamı Abbasqulu bəyin dəfnindədir, tək qalmışıq, Kərbalayı. İşləyəni pisləyə-pisləyə yola saldılar, amma nəticəsinin belə olacağını hesablamalıdlar. Düzdür, onda da nöqsanlar vardı və bunu yazılarımda dəfələrlə qeyd etmişəm. Amma, insaf naminə deməliyəm ki, Əjdər Cəfərov indiyədək gəlib-getmiş ən uğurlu baş katibdir. O, 2016-cı ilin fevralın 4-də işdən uzaqlaşdırıldan sonra, federasiya aramla çökməyə başladı. Düzdür, onun yerinə gələn Rəşad Əlizadə uçurumun dərinliyinə düşməmək üçün müəyyən cəhdlər etdi. Amma proses artıq start götürmüşdü, onu dayandırmaq öz ixtiyarında deyildi.

Əjdər Cəfərovun fəaliyyət dövrünü nəzər saldıqda, görürük ki, güləş camiyəsində yetişməsi ona çox kömək edib. Atası Xosrov müəlllim uzun müddət yeniyetmələrdən ibarət millinin baş məşqçisi olub, idman ictimaiyyətində böyük nufuz qazanıb. O, federasiyada işləyəndə nizam-intizamı və bacarığı ilə seçilib. Bu üzdən yeni rəhbərlik – Fazil Məmmədovla Namiq Əliyev 2009-cu ildə ən çətin, ağrılı və məsuliyyəti işi – hakimlər kollegiyasının sədriliyini ona tapşırdılar. Onun ilk addımı qurumda canlanma, şəffaflıq, səliqə-sahman yaratmaq, referilərin nüfuzunu artırmaq və yarışlarda baş verən pozuntuları aradan qaldırmaq oldu. Zamanla, AGF-də respublika və beynəlxalq dərəcəli hakimlərin sayı çoxaldı. Onlara hər yarış üçün normal idarəçilik pulu ödənildi və kateqoriyalar sürətlə yüksəlməyə başladı. Kollegiya sədrinin federasiyaya dəvət etdiyi Namiq Dünyamalıyev katiblik işini mükəmməlləşdirdi, kompüterləşdirdi. Əvəzolunmaz gənc mütəxəssisin ötən ay vaxtsız ölümü AGF-in bundan sonra iç yarışlarının işini çox çətinə salacaq.
Əjdər Cəfərovun hakimlik bacarığı o vaxt FİLA prezidenti olan Rafael Martinettinin də diqqətindən yayınmadı. Sinqapur-2010 yeniyetmələrin olimpiya oyunlarında idarəçilik edən həmyerlimiz, bir il sonra ən yüksək – olimpiya dərəcəsinə yiyələndi. Artıq London-2012-də o, digər bu kateqoriyaya sahib – Hicran Şərifovla birgə vəzifələrinin öhdəsindən layiqincə gəldilər.

Əjdər Cəfərova qədər baş katib olmuş Mətləb Abdullayev, Xanmirzə Məlikəliyev və Cavid Qurbanovun da müəyyən müsbət fəaliyyətləri olub. Amma Ramin Qasımovun dönəmində federasiyanı faktiki o idarə etmirdi. Səriştəsiz, ixtisasca həkim olan bu gəncin işi yalnız sənədlərə qol çəkmək idi. Ən xırda məsələni vergiləri aparat rəhbərindən Asif Çahangirov və ya təşkilati məsələlər üzrə vitse-prezident Babək Babayevdən soruşurdu. Təbii ki, bu hal uzun müddət davam edə bilməzdi. İşi müstəqil şəkildə irəli apara biləcək kadra ehtiyac vardı. Həmin dövrdə, yəni 2011-ci ilin avqustun 15-də, yeganə namizəd Əjdər Cəfərov idi. O gənc olmasına rəğmən, bu işin də öhdəsindən gəldi. Əvvəlki postunda boşluq olmasın deyə, öncə, ölkədə hamı tərəfindən qəbul edilən Qərib Əliyevi yerinə təyin etdi. 1-ci dərəcəli referidən sonra, daha təcrübəli Bəhmən Tələbini hakimlər kollegiyasının sədrliyə dəvət olundu. Güney azərbaycanlı 3 olimpiadada, dünya və Avropa çempionatlarında ədaləti qoruyub. Onun təşkil etdiyi seminarlarda referilərimizin bir qədər də püxtələşiblər.

London-2012 Əjdər Cəfərov üçün bir başqa əlamətdarlığı var: Toğrul Əsgərov və Şərif Şirifovun sayəsində sərbəst güləş millinin qazandığı 2 qızıl, üstəgəl, 2 gümüş və 3 bürünc medal! Bu nəticə indiyədək ən yüksək sayılır. Onun baş katibliyi dönəmində başqa bir uğur Nanjin-2014 yeniyetmələrin olimpiya oyunlarına təsadüf edir. 5 mümkün vəsiqənin hamısına yiyələnən komandamız, Çində 3 qızıl və 2 gümüş medal qazanıb. İndiki mənzərə isə ürəkaçan deyil. Buenos Ayres-2018-ə güləşçilərimiz 6 yerdən yalnız 2-sinə lisenziya alıblar. Başqa bir misal. Hazırda Slovakiyanın Trnava şəhərində gənclərin dünya birinciliyi keçirilir. Hələlik yunan-Roma güləşində 1 burunc mükafatımız var. Qızlarda medal olmayacaq. Sərbəstlərdə 1 final var. Onu da dağıslanlı legionçu Hacımurad Hacıyev qazanıb. Əjdər Cəfərovun dönəmində, təkcə 2014-cü ildə Xorvatiya paytaxtı Zaqrebdə təşkil edilən dünya birinciliyini xatırlamaq yetər: «klassiklər»də 5 qızıl, 1 gümüş; qızlarda 1 qızıl, 2 bürünc; sərbəst güləşdə 2 gümüş və 1 bürünc medal! Böyüklər arasında qazanılan nəticələri qeyd etmirəm, çünki 5 ildə say həddən artıq çoxdur.
Hər müqayisəli təhlil, həm də dövrə verilən qiymətdir və nəticələr sabahımızın əsas dəyər mənbəyidir. Bu nəticələrin imtahan məqamı isə qarşıdakı 2 ildə də qorunacaq səviyyə ilə ölçüləcəksə, son sözü, əlbəttə ki, 2020-ci ildə yetişəcək Tokio oyunları deyəcək. Demək, hələ görüləsi işlər də var, fəth olunası zirvələr də. Atalar demişkən, ziyanın yarısından da qayıtmaq xeyirdir. Heç vaxt heç nə gec deyil…

Kamran HACI

Həmin kateqoriyadan