- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Noyabrın 27-dən 29-dək Bakıda ulu öndər Heydər Əliyevin xatirəsinə güləş üzrə Qızıl qran-prinin final mərhələsi keçiriləcək. Allsport.az xəbər verir ki, yarışlara hazırlaşan qadınlardan ibarət milli komandamızın mətbuat üçün açıq məşqi keçirilib.
Qadın güləşçilərimiz 3 gün davam edəcək mötəbər turnirə ciddi hazırlaşır. Son təlim-məşq toplanışı Olimpiya Güləş Mərkəzində keçirilir. Mətbuat üçün açıq məşqdə əsas komandanın üzvləri ilə birlikdə gənclərdən ibarət seçmənin üzvləri, habelə Ukrayna, Qazaxıstan, Rusiya və Kolumbiya güləşçiləri də iştirak edirlər. Azərbaycan Güləş Federasiyasının rəsmiləri hazırlıqların gedişi ilə yaxından maraqlanır. Qurumun baş katibi Əjdər Cəfərov məşqdən sonra media nümayəndələrinin suallarını cavablandırıb. Baş katib güləşçilərin hazırlıq prosesinin yüksək səviyyədə davam etdiyini bildirib:
“Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl qran-pri turniri Dünya Güləş Birliyinin təqvimində əsas yerlərdən birini tutur. Bildiyiniz kimi, yarışlar 8-ci dəfə keçiriləcək. 2008-ci ildən etdibarən Azərbaycan Güləş Federasiyasını prezidenti cənab Fazil Məmmədovun əsas tapşırıqlarından biri bu turnirin tədricən dünya güləşi üçün əsas yarışlardan birinə çevrilməsi idi. Federasiyanın birinci vitse-prezidenti Namiq Əliyevin də Dünya Güləş Birliyi ilə sıx əlaqədə olması və görülən işlər bəhrəsini verdi. Fikir versəniz, son illərdə Qızıl Qran Pri turnirində planetin ən güclü güləşçiləri iştirak edirlər.
Burada hamı qalib olmaq istəyir. Bütün bunlar turnirin nüfuzundan xəbər verir. Bu dəfə format da fərqli olacaq. Belə ki, final mərhələsində dünya çempionatı, eyni zamanda, qitə çempionatlarında yüksək nəticələr göstərən idmançılar mübarizə aparacaqlar. 40-dan çox ölkənin qatılacağı turnir üçün artıq iştirak ərizələri federasiyamıza ünvanlanıb. Siyahıda bir sıra dünya, Avropa və Olimpiya çempionları var. Öz növbəmizdə biz də əsas komandanın üzvlərini heyətə daxil etmişik.
Bundan başqa, bəzi gənc, perspektivli güləşçiləri də sınaqdan keçirmək niyyətindəyik. Əlbəttə ki, komandanın qarşısına maksimum sayda medal qazanmaq tapşırığı qoyulub. Bir sıra güləşçilərimiz fərqli çəkidə çıxış edəcəklər. Bu isə Yay Olimpiya Oyunlarına hazırlıq mərhələsinin bir hissəsi kimi nəzərdə tutulub. Düşünürəm ki, turnir olduqca gərgin idman mübarizəsi şəraitində keçəcək. Xüsusilə qeyd etmək istərdim ki, Qızıl Qran Pri turniri bütün dünyanın və təbii ki, Azərbaycan güləşinin inkişafında əhəmiyyətli rol oynayır”.
Qeyd edək ki, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl qran-pri beynəlxalq turnirinin final mərhələsində 40-dan artıq ölkənin ən güclü güləşçilərinin iştirakı gözlənilir. Noyabrın 27-dən 29-dək Bakı İdman Sarayında keçiriləcək yarışlar İdman Azərbaycan kanalından canlı yayımlanacaq.