- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Yunanıstanın paytaxtı Afinada yeniyetmələrin dünya birinciliyində 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq komanda hesabında 3-cü olan sərbəst güləş millimiz bu gün Vətənə qayıdıb. Allsport.az saytı xəbər verir ki, bütün rəqiblərindən üstün olan Əlihəsən Əmirli (42 kq) 1-ci, yalnız final görüşündə uduzan Mahir Məmmədzadə (50 kq), Turan Bayramov (58 kq) və Davud İbrahimov (69 kq) 2-ci və Hacımurad Hacıyev (63 kq) 3-cü olublar.
Bahadırlarımızı Heydər Əliyev beynəlxalq hava limanında AGF rəsmiləri, yığma komandanın məşqçiləri, idmançıların ailə üzvləri və KİV nümayəndələri qarşılayıblar. Yarış təəssüratlarını media nümayəndələri ilə bölüşən yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzov qazanılan nəticənin qənaətbəxş olduğunu bildirib:
“Hər il olduğu kimi bu dünya çempionatı da çox gərgin keçdi. İlk yarış günündə idmançılarımız yaxşı start götürdü. Bildiyiniz kimi, dörd finalçımız vardı. Ancaq onlardan biri çempion oldu. Digərləri son saniyələrdə qələbəni əldən verdilər. Mən heç vaxt hakim ədalətsizliyi barədə danışmamışam. Ancaq bu dəfə həqiqətən 58 kq çəki dərəcəsinin finalında hakim ədalətsizliyi ilə üzləşdik. Çempionların sayı artıq ola bilərdi. Komanda hesabında üçüncü olduq. Ümumi nəticəni qənaətbəxş saymaq olar.”
Çempionata əsas yığma komanda ilə birgə təlim-məşq toplanışlarında hazırlaşdıqlarını deyən Əsgərxan Novruzov növbəti hədəflərinin 2018-ci ildə keçiriləcək Olimpiya Oyunlarında yüksək nəticə qazanmaq olduğunu bildirib:
“Bir müddət əvvəl ustalar arasında dünya çempionatı yarışları keçirildi. Hazırlığımızın bir mərhələsini də məhz onlarla bir yerdə davam etdirdik. Yaxşı hazırlıq keçdik. Komandanın bir yerə toplanıb hazırlanması öz bəhrəsini göstərdi. Qarşıda yarışlarımız çoxdur. Ancaq əsas məqsədimiz gələn il Argentinada keçiriləcək yeniyetmələrin olimpiya oyunlarında uğurlu çıxış etməkdir. Bundan əvvəl isə təbii ki, yaxşı hazırlaşıb Avropa çempionatında uğurla çıxış etməyə və olimpiya oyunlarına lisenziyaları qazanmağa çalışacağıq.”