2 kanoeçimiz dünya çempionatında mübarizəni dayandırıb

Minskdə yeniyetmə və 23 yaşadək kayakçı və kanoeçilər arasında dünya çempionatına start verilib. Allsport.az saytı xəbər verir ki, “Zaslavl” avarçəkmə kanalında təşkil olunan nüfuzlu reqataya 67 ölkədən 1000-dək idmançı qatılıb. Azərbaycan təmsilçilərindən ilk olaraq, Aleksey Kupin 23 yaşadək kanoeçilərin 1-nəfərlik qayıqla 1000 metr məsafəyə seçmə yürüşü üçün start xəttinə çıxıb.

21 yaşlı kanoeçi məsafənin ilk 1/4 hissəsinədək hamıdan öndə sonrakı 500 metrlik bölümdə 4-cü yerə enib və yekunda 4 dəqiqə 17,137 saniyə nəticə ilə 5-ci olub. Növbəti mərhələdə isə Kupin finişə 4 dəqiqə 48,026 saniyəyə çataraq, yürüşü sonuncu pillədə başa vurub.  Bu nəticə ilə təmsilçimiz mübarizəni dayandırıb.

Aleksey Kupin Nikita Sablinlə 2-nəfərlik kanoe qayığı ilə 1000 metr məsafəyə yürüşə də qatılıb. Bu dəfə seçmə yürüşdə sona yaxın tempi artıran duet finişə 3 dəqiqə 42,799 saniyəyə çatıb və 3-cü yeri tutub. Reqlamentə əsasən, onlar birbaşa əsas finala yüksəliblər. Azərbaycanlı cütlük növbəti mərhələdə finişə 4 dəqiqə 17,530 saniyəyə 8-ci sırada çatıblar.

 

Həmin kateqoriyadan