“2026 bizim üçün çox məsuliyyətli ildir”

Misirin İsgəndəriyyə şəhərində dünya çempionu olan çimərlik güləşçilərimiz Vətənə qayıdıb. Allsport.az xəbər verir ki, Heydər Əliyev beynəlxalq aeroportunda komandanın qarşılanma mərasimi keçirilib. Baş məşqçi Oyan Nəzəriani bunu deyib:

“Çimərlik güləşi üzrə ilin son yarışı idi. Dünya sıralamasının final mərhələsində 2 çəkidə iştirak edirdik. 80 və 90 kq-da dünya çempionu olduq. Bu 5 mərhələdə toplanan xalların nəticəsində 80 kq-da 19 yaşlı Vüsal Əliyev dünya çempionu oldu. O, böyüklərdə ilk dəfə dünya çempionatına qatılırdı. Təcrübəli güləşçimiz İbrahim Yusubov isə artıq 4-cü dəfədir ki, dünya çempionu olur. Bizi yenə sevindirdi. 80 kq-da Sahib Dadaşov da iştirak edirdi.

O da seriyanın son mərhələsində bürünc medal qazandı… Artıq gələn il üçün planlarımızı qurmuşuq. Yeniyetmələrin yay olimpiya oyunlarında iştirak etməyə namizəd idmançılarımızı seçmişik. 2026 bizim üçün çox məsuliyyətli ildir…

Çimərlik güləşi hər yaş qrupunda 4 çəki oğlanlar və 4 çəki qızlardan ibarətdir. Gələn il komanda hesabında dünya çempionu olmaq üçün kişilərdə 4 çəkinin hamısında iştirak etməyi planlaşdırırıq… Yüksək nəticələrimizin əsas səbəbi Azərbaycan güləş federasiyasının çimərlik güləşinə peşəkarcasına və strateji yanaşmasıdır.

Çünki çimərlik güləşi dünyada yeni formalaşır. Amma çox güclü gəlir. Bir çox ölkələr artıq öz yerini tutub. Ön sıralarda olan ölkələrdən biri də bizik. Federasiyanın uzaqgörən siyasəti sayəsində gördüyünüz bu nəticələri əldə etmişik. Çimərlik güləşində iddiamızı daha da artırmağa çalışacağıq”.

Həmin kateqoriyadan