- Baxış sayı: 410
- 02 Dekabr 2025 22:30
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Oktyabrın 17-də milli olimpiya komitəsinin inzibati binasında III təhlükəsiz idman forumu keçirilib.
Allsport.az xəbər verir ki, forumda komitənin baş katibi Azər Əliyev, vitse-prezidentləri Zemfira Meftaxetdinova, Fərid Mansurov, MOK-un icraiyyə komitəsinin, atletlər komissiyasının üzvləri, MOK-un idman şöbəsinin baş məsləhətçisi, təhlükəsiz idman üzrə beynəlxalq inspektor Vaqif Əliyev, təhlükəsiz idman üzrə beynəlxalq dərəcəli ekspert Lüsi Troşet, BOK-un təhlükəsiz idman işçi qrupunun MOKA nümayəndəsi Maya Pekoviç, idman ictimaiyyətinin, KİV və müxtəlif federasiyaların nümayəndələri iştirak ediblər.
Forumun açılışında MOK-un marketinq şöbəsinin müdiri Səkinə Vəliyeva iştirakçıları salamlayıb və qurumun beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Forumun əsas məqsədi idmanda təhlükəsiz və inklüziv mühitin yaradılması istiqamətində həm milli, həm də beynəlxalq səviyyədə görülən işləri, təcrübə mübadiləsi və gələcək təşəbbüsləri bir araya gətirməkdən ibarət olub.
Əvvəlcə 2023-2025-ci illərdə MOK-un təhlükəsiz idman sahəsində fəaliyyətindən bəhs edən video-çarx nümayiş etdirilib.
Forumda beynəlxalq olimpiya komitəsinin təhlükəsiz idman bölməsinin direktoru Kirsti Burovsun video çıxışı təqdim edilib. O, çıxışında təhlükəsiz idman mədəniyyətinin beynəlxalq inkişafı, tərəfdaşların birgə fəaliyyəti və gələcək çağırışlar barədə fikirlərini bölüşüb.
Sonra forumda iştirak edən təqdimatçılar təhlükəsiz idman sahəsini daha da inkişaf etdirmək, yeni yanaşmalar formalaşdırmaq və təhlükəsiz idman mühitinin davamlılığını təmin etmək mövzusunda fikir və təcrübələrini bölüşüblər.
Təhlükəsiz İdman üzrə beynəlxalq dərəcəli ekspert Lüsi Troşet beynəlxalq federasiyanın təhlükəsizlik təşəbbüsləri və milli federasiyalar üçün praktik tövsiyyələr haqqında təqdimatla çıxış edib.
Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin şöbə müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov isə təqdimatında hüquqi mexanizmlərinin tətbiqi və uşaqların müdafiəsi mövzusuna toxunub.
Azərbaycan cüdo federasiyasının təhsil şöbəsinin müdiri Orxan Oruczadə idmanda psixi sağlamlıq və təhlükəsizliyin təminatı mövzusunda təqdimatla çıxış edib.
Sonra BOK-un təhlükəsiz idman işçi qrupunun MOK nümayəndəsi Maya Pekoviç milli olimpiya komitəsinin təhlükəsiz idman sahəsində inkişaf səviyyəsi və qarşıdakı çətinliklərlə bağlı fikirlərini bildirib.
Forumda həmçinin, Azərbaycan atletika federasiyasının beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Ayxan Xəkili federasiyanın hazırladığı təhlükəsizlik sənədlərini təqdim edərək, gələcək təşəbbüslərə dair fikirlər səsləndirib.
Sonra MOK-un idman şöbəsinin baş məsləhətçisi, təhlükəsiz idman üzrə beynəlxalq inspektor Vaqif Əliyev 2024-2025-ci illərdə görülən işlər, EYOF-2025 və 2025-2028-ci illəri əhatə edəcək strateji plan və görüləcək işlər barədə danışıb.
Təhlükəsiz idman üzrə məsləhətçi Ayan Xankişiyeva isə siyasət, təhsil və rəqəmsal inkişaf üzrə yeni mərhələ, təhlükəsiz idman siyasətinin hazırlanması, təlim və rəqəmsal platforma barədə çıxış edib.
Foruma sual-cavab sessiyası ilə yekun vurulub.
Hazırda Azərbaycan üzrə beynəlxalq səviyyədə sertifikatlaşdırılmış iki Təhlükəsiz İdman üzrə məsul şəxs və bir məşqçi mövcuddur. Gələcəkdə bu sayın artırılması istiqamətində işlər davam etdirilir.