- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Ötən həftə paytaxtımız növbəti mötəbər beynəlxalq yarışa ev sahibliyi etdi. Allsport.az saytının məlumatına görə, sayca 9-cu dəfə ümummilli lider Heydər Əliyevin xatirəsinə keçirilən güləş üzrə “Qızıl qran-pri” turnirinin final mərhələsi artıq ənənə halını alıb. Bu dəfəki yarışı digərlərindən fərqləndirən isə iştirakçı ölkələrin sayının çox olması idi. Belə ki, bu yarışda 49 ölkədən 500-ə yaxın iştirakı paytaxtımıza təşrif buyurmuşdu.
Güləş üzrə ölkə yığma komandalarımız həmişə olduğu kimi bu dəfə də öz inamlı çıxışları ilə yadda qaldı. Belə ki, hər üç növ güləş yığmaları 7 qızıl, 3 gümüş və 7 bürünc medal əldə etməklə komandamızın aktivinə ümumilikdə 17 medal qazandırdı.
Yarışın ilk günündə mübarizə aparan sərbəst güləşçilərimiz 3 qızıl, 1 gümüş və 3 bürünc medal olmaqla, ümumilikdə 7 medal qazanıblar. Baş məşqçi əvəzi Firdovsi Umudovun rəhbərliyi altında məşqçilər korpusunun əsasən gənc güləşçilərə şans verdiyini nəzərə alsaq nəticəni qənaətbəxş hesab etmək olar. Qızıl medalları yığmamıza Giorgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq) və Cəbrayıl Həsənov (74 kq) qazandırıb. Yalnız final görüşündə uduzan Gitinomaqomed Hacıyev (70 kq) gümüş medalla kifayətlənib. Bürünc medallar isə Coşqun Əzimov (65 kq), Murad Süleymanov (74 kq) və Aslanbek Alborovun (97 kq) payına düşüb.
İkinci yarış günündə mübarizə qoşulan qadın güləşçilərimiz yarışı 1 gümüş və 2 bürünc medalla tamamlayıb. Baş məşqçi Semyon Çterevin rəhbərlik etdiyi məşqçilər korpusu da heyətə daha çox gənc güləşçiləri daxil etmişdi. Qadın güləşçilərimizdən Tatyana Omelçenko (60 kq) finala qədər inamla güləşib. Ancaq final görüşündə Ukrayna təmsilçisinə uduzub və gümüş medalla kifayətlənib. Bürünc medalları yığmamıza Anjela Doroqan (53 kq) və Alyona Kolesnik (55 kq) qazandırıb. Yığma komandamızın üzvlərindən Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) isə bürünc medal görüşünü uduzaraq 5-ci yerdə qərarlaşıb.
Son yarış günündə yunan-Roma güləşiləri arasında qaliblər müəyyənləşib. Baş məşqçi əvəzi Akif Əliyevin rəhbərlik etdiyi məşqçilər korpusunun heyətə daxil etdiyi güləşçilərimiz 4 qızıl, 1 gümüş və 2 bürünc medal olmaqla ümumilikdə 7 medal qazanıb. Qızıl medalları yığmamıza Həsən Əliyev (71 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq) və Oyan Nəzəriani (130 kq) qazandırıb. Yalnız final görüşündə uduzan Elvin Mürsəliyev (75 kq) gümüş medalla kifayətlənib. Bürünc medallar isə Rövşən Tağıyev (66 kq) və Soltan İsmayılovun (85 kq) payına düşüb.
9 ilin yekunlarına görə sərbəst güləşçilərimizin qazandığı medalların sayı 86-ya çatıb. Onlardan 26-sı qızıl, 23-ü gümüş, 37-nin əyarı isə bürüncdür. Qadın güləşçilərimiz 9 qızıl, 7 gümüş və 15 bürünc olmaqla ümumilikdə 31 medal qazanıb. Yunan-Roma güləşçilərimizin 9 ildə qazandığı medalların sayı isə 75 oldu. Onlardan 28-i qızıl, 19-u gümüş, 28-i isə bürünc əyarlıdır.
Ötən illərdə keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl qran-pri” beynəlxalq turnirinin final mərhələsinin nəticələrinə baxdıqda görürük ki, 2008-ci ildə 22 medal, 2009-cu ildə 20 medal, 2010-cu ildə 15 medal, 2011-ci ildə 26 medal, 2012-ci ildə 22 medal, 2013-cü ildə 24 medal, 2014-cü ildə 25 medal, 2015-ci ildə isə 21 medal qazanılıb. 2016-cı il də daxil olmaqlar qazanılan ümumi medalların sayı 192 edir ki, bunun da 63-ü qızıl, 49-u gümüş, 80-ni isə bürünc əyarlıdır.