- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
4-cü İslam oyunlarının ağırlıqqaldırma yarışında iştirak edəcək Səudiyyə Ərəbistanı millisinin nümayəndələri Bakıya gəliblər. Allsport.az saytı xəbər verir ki, səfərin məqsədi ölkəmizdə İslamiadaya yaxşı hazırlaşmaq üçün təlim-məşq toplanışına münasib məkan seçmək olub. Qonaqlara milli komandaların mərkəzi məşq bazası olan AAAF Park Yaşayış Kompleksi tövsiyə edilib.
Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin mütəxəssisi Nəvaf Bəndəxayal və yığmanın baş məşqçisi Hüseyn Əlsalis və burada yaradılan şəraitlə tanış olublar. Onlara buradakı məşq və yarış zalı, fitness mərkəzi, futbol ve tennis meydançaları, Gimnastika və cüdo zalı, həmçinin istirahət və bərpa üçün nəzərdə tutulan bütün obyektlər nümayiş etdirilib. Qonaqlara bildirilib ki, Azərbaycanda ağır atletikanın inkişafı üçün müstəsna işlər aparılır. Regionlarda zallar tikilir, mövcud infrastruktur yenilənir, yeniyetmə və gənc atletlərin təhsilinə xüsusi önəm verilir, onların qidalanma, istirahət və məşq prosesinə ən yüksək səviyyədə diqqət yetirilir, bütün gərəkli addımlar atılır.
Qonaqları Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidentləri Azər Əliyev, Tofiq Heydərov və Ruslan Xanverdiyev, həmçinin baş katib Rizvan Rəsulov müşayiət edib. Səudiyyə Ərəbistanında ağır atletikada yeni dövrün başlandığını, ölkələrində bu idman növünə münasibətin xeyli dəyişdiyini və Azərbaycan kimi ölkələrin təcrübəsinə ehtiyacı olduqlarını qeyd edən Bendenxayel və Əlsalis burada gördüklərindən heyrətə gəldiklərini bildiriblər. Onların fikrincə, bir ağır atletin ən yüksək peşəkar səviyyədə hazırlığı üçün gərəkli olan bütün obyektlərin bir arada, bu qədər yaxın və effektiv olmasını dünyanın heç bir yerində görməyiblər. Azərbaycanı, onun ağır atletikaya münasibətini özlərinə nümunə kimi götürəcəklərini qeyd edən qonaqlar Səudiyyə Ərəbistanı yığmasını mütləq buraya gətirəcəklərini, təcrübə mübadiləsi edəcəklərini deyiblər.
Sonra dəyirmi masa arxasında görüş keçirilib. AAAF rəhbərliyi qonaqlar üçün qapılarının həmişə açıq olduğunu bildirib. Bakıda keçiriləcək İslam Oyunlarının ən yüksək səviyyədə təşkil olunacağına əminlik ifadə edilib, 2015-ci il ilk Avropa Oyunlarındakı təşkilatçılığa yüksək qiymət verilib. AAAF-ın vitse-prezidenti Azər Əliyev idmanın bütün növlərinə dövlət səviyyəsində qayğı göstərildiyini, istər qitə, istər dünya, istərsə də Olimpiya səhnəsində əldə edilən uğurların bunun məntiqi nəticəsi olduğunu bildirib. O, qonaqların ağır atletika yığmasının həm Azərbaycanda keçirəcəyi təlim-məşq toplanışından, həm də İslam oyunlarından çox razı qalacağını qeyd edib.
Səudiyyə Ərəbistanından gələn qonaqlar təlim-məşq bazasından və yaradılan şəraitdən çox razı qaldıqlarını bir daha dilə gətirib, ağır atletika yığmalarının İslamiadan öncə məhz burada hazırlıq keçəcəklərinə qərar verdiklərini bildirib. Tərəflər gələcəkdə də əməkdaşlıq əlaqələrinin genişləndiriləcəyinə inamlarını ifadə ediblər.