AGF-də yarpaq tökümü: məşqçilərin ardından, daha kimlər işdən çıxmaq niyyətindədir?

Güləş federasiyasında gərginlik davam edir. Uzun müddət yığılıb qalan maaş borclarının verilib-verilməyəcəyi ilə bağlı dəqiq bilgi yoxdur. Ümidini itirən bəzi məşqçilər çıxış yolunu işlərini dəyişməkdə gördülər. 10 il qızlarla çalışan Mətanə Süleymanova (bu illər ərzində sıfırdan yetişdirdiyi tələbələri tək yeniyetmə-gənclərin Avropa və dünya birinciliklərində 14 medal qazanıb) mart ayında ərizəsini yazaraq çıxdı. O, öz halal son haqq-hesabını (4000 manat) federasiyanı əmək müfəttişliyinə şikayət etməsindən sonra aldı.

Yunan-Roma güləşi üzrə gənclərin böyük məşqçisi İlqar Abdulov da yazda AGF-lə birdəfəlik vidalaşdı; may ayında özünə «Atom» adlı  fitness crossfit mərkəzi açdı. Halbuki o, öz növbəsində, ölkənin ən bacarıqlı gənc mütəxəssislərindən sayılırdı. Ünlü güləşçinin komandasının daha əvvəl qazandığı uğuru ölkə başçısı belə tərifləmişdi. Amma onu bir dəfə haqsız olaraq yığmada vəzifəsini kiçiltmişdilər. Federasiya başqaları kimi, ona da vaxtaşırı dəyər verməmişdi. Ən təəssüfverici, xoşagəlməz və biganə məqam, bu şəxslərin gedişi ilə bağlı awf-az.org-da nə məlumat verildi, nə də təşəkkür bildirildi. Bir cümlə ilə «Güləş federasiyasında göstərdiyi xidmətlərinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq!» yazmaq belə çətin idi?!

Milli komandaların həkim-masajçı heyəti də işə gəlmirdilər. Elələri var, bir müddətdir işdən uzaqlaşıblar. Uzun illər federasiyada çalışan Rauf doktoru şəxsən 1-ci vitse-prezident Namiq Əliyev qaytarıb. «Sərbəstlər»in baş məşqçi Firdovsi Umudov onun dönüşünün əleyhinə idi. Çünki o və digərləri maaşların verilməməsi səbəbindən, sözü bir yerə qoyub aprelin sonu Dağıstana Avropa çempionatına yollanmaqdan istina etmişdilər. Belədə, komanda pis vəziyyətə düşmüşdü. Kaspiyskdə yunan-Roma güləşçimiz Murad Məmmədov və 3-qat dünya çempionu Hacı Əliyev özündən gedərkən, onlara yardım etməyə həkim tapılmadı. Özəlliklə, finalda gərgin görüşdən sonra, titullu bahadırımızın halı kəskin pisləşmişdi. Az qala, o, koma durumuna düşəcəkdi.

Sosial şəbəkədə yayılan bilgiyə görə, AGF əməkdaşları da işi tərk etmək niyyətindədirlər. Əksəriyyət 4 aylıq (yanvar-aprel) maaş borcunun naməlumluğundan gileylidir. Sadəcə, vəziyyətlə barışmayanlar, illərdir eşitdikləri «Darıxmayın, yaxşı olacaq» sözünə daha 1-2 ay da inanmaq istəyirlər. Rəhbərlik yeni şikayətlərdən və məsələnin böyüməsindən ehtiyatlanır. Ona görə aşkar gileylənənlərlə ayrıca təklikdə söhbət edib, onları razı salmağa çalışır, vəd verir. Necə olmasa da, bu neqativ hal öz növbəsində, etimadsızlığa yol açıb. Məsələn, iyunun 17-də Macarıstanın Györ şəhərində kiçik yaşlı yeniyetmələrin Avrpopa birinciliyi sona çatdı. Yarışda komandalarımız 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazandılar. Həmin xəbər AGF-in saytında 3 gün sonra, ayın 20-də getdi. Halbuki federasiyanı saytı həmişə operativliyi ilə seçilib. Buna qədər ən böyük rəzalət ötən ayın əvvəlində, Kaspiskdə oldu. Qitə çempionatının son günlərində, mayın 5-də federasiyanın mətbuat katibi Mayis Musayev azerisport.com-da çalışan başbiləni ilə birləşib media zonasında, xarici KİV nümayəndələrinin, məsul şəxslərin, yerli vətəndaşların və qonaqların gözü önündə qalmaqal salaraq, Azərbaycanın nüfuzuna xələl gətirdilər; sonradan federasiyanı ölkə idman ictimaiyyətində rüsvay etdilər.

Allsport.az saytına daxil olan məlumata görə, bundan sonra maaşlar vaxtlı vaxtında veriləcək. Çünki rəhbərlik «yuxarılar» qarşısında öhdəlik götürüb və bundan qaça bilməz. Amma köhnə borclar, böyük ehtimalla, ödənməyəcək. Ötən ilin qızmar yayında etiraz edən titullu güləşçilər bu dəfə vəziyyətlə barışıblar. Onları, həm də  vaxtaşırı Firdovsu Umudov sakitləşdirir. Yaxın 1-2 ayda məsələyə tam aydınlıq gələcək. Narazı olanların büruzəsi ondan sonra açıq görünəcək.

K.HACI

Həmin kateqoriyadan