- Baxış sayı: 122
- 07 Yanvar 2025 19:59
- Baxış sayı: 626
- Yanvar 03, 2025
- 0
Azərbaycan güləş federasiyasının məşqçilərin ümumrespublika seminarı davam edir. Allsport.az saytı xəbər verir ki, növbəti tədbir bu gün Xırdalanda keçirilib. 90-dan artıq məşqçinin qatıldığı seminar 2 fərqli məkanda baş tutub.
Tədbirin nəzəri hissəsi Xırdalan şəhər 3 saylı orta məktəbin akt zalında təşkil edilib. AGF-nin baş katibi Nəsimi Musayev güləşin ölkəmizdə daha da inkişafı üçün nəzərdə tutulan layihələrdən danışıb. Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının (ASAPES) baş müəllimi Mehman Nəcəfov məşq proseslərinin incəliklərindən ətraflı bəhs edib. Yunan-Roma güləşi üzrə U-20 milli komandanın böyük məşqçisi Nurəddin Rəcəbov texnikanın təkmilləşdirilməsi, fiziki hazırlığın doğru həyata keçirilməsi və əzələ yaddaşı haqqında fikirlərini səsləndirib.
Sərbəst güləş üzrə U-20 milli komandanın məşqçisi Nazim Əlicanov aktual problemlərdən birinə toxunub. O, qeyd edib ki, yeniyetmə güləşçilər gənclər kateqoriyasına keçərkən böyük çəki dəyişikliyinə görə uğur qazanmaqda çətinlik çəkirlər. Bu da aşağı yaş qrupunda həddən çox çəkisalmanın nəticəsidir. Hakimlər kollegiyasının sədri Qərib Əliyev qayda pozuntuları, qeyri-fəal güləş və cərimələrə diqqəti yönəldib.
Abşeron olimpiya idman kompleksində keçirilən seminarın praktiki hissəsində Nurəddin Rəcəbov müxtəlif güləş elementlərini nümayiş etdirib. l-S kateqoriyalı hakim Sədi Quliyev isə parter, xalçadan çıxma və digər vəziyyətlərdə verilən hakim qərarlarını izah edib.
Seminarda məşqçilərin sualları cavablandırılıb, təklif və şikayətlər dinlənilib. Sonda iştirakçılara AGF-nin sertifikatları təqdim edilib və xatirə şəkli çəkdirilib.
Seminarın növbəti tədbiri oktyabrın 23-də Bakıda keçiriləcək.