- Baxış sayı: 45
- 16 Dekabr 2025 22:51
- Baxış sayı: 86
- Dekabr 17, 2025
- 0

Güləş federasiyasının keçirdiyi “Güləş Qarabağda” kampaniyası başa çatıb.
Allsport.az xəbər verir ki, gənclər və idman nazirliyi və milli olimpiya komitəsinin təşkilati dəstəyilə təşkil edilən kampaniyanın son dayanacağı Füzuli olub. Güləşin ulduzları bu rayonun IV Qayıdış qəsəbəsində yerləşən güləş zalında yeniyetmə və gənc idmançılarla görüşüblər.
Onlar gələcəyin pəhləvanlarını daim əzmkarlıq nümayiş etdirməyə, mübariz, nizam-intizamlı olmağa və yüksək hədəflərə doğru inamla addımlamağa səsləyiblər. Federasiyanın inventar dəstəyi ilə fəaliyyətini davam etdirən güləş zalının məşqçisi Vüsal Eminov öz növbəsində AGF-yə və titullu güləşçilərə təşəkkürünü bildirib, bu görüşün gənc nəsilə böyük motivasiya olduğunu qeyd edib. Daha sonra yeniyetmə və gənc güləşçilərə federasiyanın hədiyyələri təqdim edilib və xatirə şəkli çəkdirilib.
Bununla da “Güləş Qarabağda” kampaniyasına yekun vurulub. Kampaniya çərçivəsində nümayəndə heyətinin iştirakıyla Xankəndi, Laçın, Şuşa və Füzulidə təbliğat-təşviqat xarakterli tədbirlər keçirilib.
Kampaniyanın məqsədi işğaldan azad edilmiş torpaqlarda güləşimizi təbliğ etmək, populyarlığını artırmaq, maariflənməni genişləndirmək, gənc nəslin motivasiyasını yüksəltmək, onların milli ruhda inkişafına töhfə verməkdən ibarət olub.