Aleksandr Aleksandrov Avropa çempionatının finalında

Azərbaycan akademik avarçəkəni Aleksandr Aleksandrov Çex Respublikasının Raçitse şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib. 27 yaşlı idmançı bu nailiyyətə 1-nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşdə nail olub. Allsport.az saytı xəbər verir ki, o, təsnifatda finişə 7 dəqiqə 12,350 saniyəyə 5-ci çatıb. Bundan sonra təsəlliverici mərhələyə qatılan təcrübəli avarçəkən 7 dəqiqə 9,740 saniyə nəticə ilə mərhələ adlayıb.
Bu gün baş tutan yarımfinalda isə o, 7 dəqiqə 2,610 saniyə göstərici ilə yenə 2-ci olub. Nəticədə Azərbaycan təmsilçisi xorvatiyalı Damir Martin (07:00.360) və fransalı Uqo Buşeronla (07:02.970) birgə həlledici mərhələdə iştirak hüququna yiyələnib. Digər yarımfinal yürüşündə isə ilk üç yeri çexiyalı Ondrey Sinek (06:54.080), belaruslu Stanislav Şerbaçenya (06:55.550) və almaniyalı Tim Ole Naske (06:57.010) tutub.
Beləliklə, 6 akademik avarçəkənin iştirakı ilə final yürüşü mayın 28-də Bakı vaxtı ilə saat 16:03-də başlanacaq.

Həmin kateqoriyadan