Alpinizm Federasiyası 2014-cü ilə yekun vurdu

Başa çatmaqda olan 2014-cü il Azərbaycan Alpinizm Federasiyası (AAF) üçün müxtəlif tədbirlər və ekspedisiyalarla zəngin olub. Allsport.az xəbər verir ki, AAF müxtəlif dağ massivlərində və ayrı-ayrı ölkələrdə təlim-məşq toplantıları və ekspedisiyalar, klub yarışları və AAF Kuboku yarışları keçirib, beynəlxalq düşərgələrin işində iştirak edib.

Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, 2014-cü ildə AAF Beynəlxalq Skay-Alpinizm Federasiyasının (İSMF) üzvü olub. Bu il AAF-ın tərkibində daha bir klub yaradılıb. “Dolphin Baku NDL” adlanan bu klubun fəaliyyətinin əsas istiqaməti yüksək dağlıq ərazilərdə yerləşən göllərə dalma (dayvinq) idmanıdır. Klub yaradılandan cəmi bir ay sonra dayverlər öz ixtisas səviyyəsini artırmaq və xaricdəki həmkarları ilə təcrübə mübadiləsi aparmaq üçün Misirə səfər ediblər. Dayverlər Azərbaycanda da bir neçə uğurlu ekspedisiya keçirib, yüksək dağlıq ərazilərdə yerləşən göllərdə özlərini sınayıblar.

AAF üzvü Rauf Zeynalov 2014-cü ilin yanvarında Fransada tədris kursu keçib və beynəlxalq Alpinizm Assosiasiyaları İttifaqının (UİAA) buz üzərində sürüşmə və draytulinq üzrə milli çempionatlar keçirilməsi üçün marşrutlar hazırlayan mütəxəssis diplomu alıb. 2014-cü ilin aprel ayında alpinistlər İsrafil Aşurlu və Firuz Dadaşov Himalay dağlarındakı Şişabanqma zirvəsinə (hündürlüyü 8027 metr) qalxmağa cəhd göstəriblər, lakin təəssüf ki, zirvəyə çatmağa cəmi bir neçə addım qalmış komandanın liderinin xəstələnməsi ilə əlaqədar bu ekspedisiya yarımçıq dayandırılıb.

AAF-a daxil olan müxtəlif klubları təmsil edən Azərbaycan alpinist qrupları bahar və yay aylarında Avropanın ən yüksək zirvəsi olan Elbrusa (5642 metr), İrandakı Savalan zirvəsinə (4813 metr), üç dəfə Kazbek zirvəsinə (5033 metr), habelə Çauxi dağ massivindəki bir sıra zirvələrə qalxıb, Kamçatkadakı Kluçi Sopkasına (4750 metr) ekspedisiyada iştirak ediblər.

RATK klubunu təmsil edən Azərbaycan alpinistləri Alarçada (Qırğızıstan) qış məşq toplantısında uğurla iştirak edib, QSK, “İrbis”, NİKOYL klubları isə Gürcüstanda üç təlim-məşq toplantısının proqramlarını yerinə yetiriblər. Dağ turistləri Gürcüstan dağlarına bir neçə dəfə yürüş ediblər. AAF öz klublarını dəstəkləməklə yanaşı, onun tərkibinə daxil olmayan “Murov” klubunun Elbrusa, həmçinin avqust ayında azərbaycanlı təlimatçı Sirxan Məmmədovun rəhbərliyi ilə iranlı alpinistlər qrupunun Kazbek zirvəsinə qalxmasına da kömək edib.

Təəssüf ki, 2014-cü ildə federasiyaya ağır itki üz verib. AAF-ın üzvü Murad Aşurlu oktyabrın 21-də Himalay dağlarındakı Ama Dablam zirvəsindən (6814 metr) enərkən həlak olub. Murad bu əfsanəvi zirvədə Azərbaycan bayrağını qaldıran ilk alpinist idi.

Dekabr ayında azərbaycanlı məktəblilər Alp dağlarındakı Tirol bölgəsində (Avstriya) skay-alpinizm üzrə beynəlxalq uşaq düşərgəsində iştirak ediblər. Azərbaycan həmin tədbirdə iştirak edən ilk MDB dövləti olub. Məktəblilər bu beynəlxalq düşərgədə ölkəmizi uğurla təmsil ediblər. Dekabr ayında Azərbaycan Alpinizm Federasiyasının draytulinq üzrə növbəti kubok yarışları keçirilib. Bu, 2014-cü ilə müəyyən mənada yekun vuran tədbir olub.

2015-ci ildə AAF bir çox maraqlı tədbirlər keçirməyi planlaşdırır.

Həmin kateqoriyadan