YAZI
AMAF-ın başı dərddə: titullu avarçəkənlər millini tərk etdi, indi medalı kim gətirəcək?

London-2012-də heç nə ilə yadda qalmayan Azərbaycan avarçəkməsi, bu uğursuzluğu 4 il sonra, Rio oyunlarında sığortaladı. Milli komanda ukraynalı legionçuların hesabına 2 medal qazandı. Uzun illərdir AMAF-a mükafat gətirən kanoeçi Valentin Demyanenko 31-ci Yay olimpiya oyunlarında fəxri kürsünün 2-ci pilləsinə çıxdı. Digər medalı bizə kayakçı İnna Osipenko-Radomskaya sahibləndi. Yerli federasiya bu nəticəni gen-bol bayram etdi: Mingəçevirdə böyük ziyafət təşkil edib hamını ətrafına topladı. Şadyanalıq oldu, qonaqlar məmnun qaldı, razı getdilər.

Hər 2 uğur qazanan idmançı Rio olimpiadasından sonra işini bitmiş saydı, karyeralarını başa vurduqlarını bildirdilər. Əslində, buna yetərli səbəb də vardı: 33 yaşlı Valentin Demyanenko Braziliyada 1-nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə fərqlənmişdi; Tokio-2020-də artıq bu proqram ləğv olunduğu və məsafənin 1000 metrə uzadıldığından, o, indidən, üzüsülü böyük idmanla vidalaşmaq qərarına gəldi.
Valentin hazırda doğma Çerkassk şəhərindədir. Son qazandığı nəticə ilə qürrələnir, həmyerlilərini başına toplayıb olimpiya medalının şöləsində şəkil çəkdirir, köhnə dostları və qohumlarına baş çəkir.

34 yaşlı İnna Osipenko-Radomskaya da Rioda 1-yerlik qayıqla 200 metrə yürüşdə sevinmişdi. Xanım avarçəkən 500 metrdə də final mərhələsinə çıxmışdı, amma rəqabətin tortasında fiziki gücü ona medal uğrunda mübarizəyə imkan vermədi və o həlledici etapda sonuncu oldu. İnna da Valentin kimi anlayıb ki, dövr həmin dövr deyil, Tokio-2020-də 38 yaşında heç bir uğura yetişəcək deyil. Bu üzdən, öz növbəsində, karyerasını bitirdi. İndi bizdən qazandığı pulla Karpatlarda xizək sürür, dağda tükürpədici manevrlər edir, hündür qayalara səmt alır, xülasə, istirahətinə baxır və xeyiri vətəninə verir.

Bəli, indi AMAF-ın başı dərddədir. Bundan sonra kim federasiyaya mükafat gətirəcək? Bu uzmış kimi, bir ildir Sergey Bezuqlı da millini tərk edib, vətəni Ukraynana dönüb. Zamanında o, komanda yoldaşı Maksim Prokopenko ilə Avropa və dünya çempionatlarında kanoedə 2-nəfərlik qayıqda 500 və 1000 metr məsafələrə yürüşdə gümüş və bürünc medal qazanmışdılar. Adı 2-ci çəkilən avarçəkən Azərbaycanı daha əvvəl tərk etdiyindən, Maksim Prokopenkonun yeni gənc tərəf-müqabili Aleksey Kupinlə mübarizəsi uğurlu alınmadı.

Avarçəkmə federasiyasında intibah 2006-cı ildə baş verdi. Əsası SSRİ dövründə Mingəçevirdə Heydər Əliyev tərəfindən qoyulan təlim-məşq bazası durğunluq dövründə baxımsızlıqdan dağılmışdı. Ümummilli ilderin yolunu davam etdirən İlham Əliyev bu əvəzsiz idman qurğusunun bərpası sərəncamını verdi. Bundan sonra obyekt «Kür» Olimpiya Tədris-İdman Mərkəzi adlanmağa başladı. Sonra AMAF-da yeni seçkilər keçirildi və «İtaldizain Holdinq »in əsas səhmdarlarından olan Elçin Zeynalov təşkilata prezident seçildi. Bundan sonra canlanma baş verdi, milli komandaya əcnəbi mütəxəssislər, legionçular dəvət olundular. Sözsüz, gəlmələrin əksəri səviyyəli idi və onlar komandamıza medallar qazandırdılar. Amma o vaxtdan bəri idman ictimaiyyətində cəmi 2 yerli, azərbaycanlı avarçəkənin adına rast gəlmək oldu. Bunlar kayakçılar  Mirnazim Cavadov və Tamerlan Mustafayevdir. Sizcə, bu 10 il ərzində cəmi 2 avarçəkənin yetişməsi az deyilmi? Bəs digərlərini kim yetişdirəcək? Bir nümanə gətirim: Sovet dövründə ittifaqın milli komandası Moskva-1980 və Seul-1988 olimpiadalarına Mincəçevirdə hazırlaşıb. Çünki ölkəmizdə olan bu baza SSRİ-də ən mükəmməli sayılırdı. Ona görə ki, Mincəçevirdə ilin istənilən fəslində məşq etmək və yarış keçirmək mümkündür, orada su heç vaxt donmur və hazırlığa mane törətmir. O dövrün nəticələri də qənaətbəxş olmuşdu. Moskva oyunlarında 1-yerlikdə Vasili Yakuşa, 2-nəfərlik qayıqda Viktor Perevezrev və Gennadi Kryuçkin gümüş medal qazanmışdılar; Koreyada keçiriliən olimpiadada 8- yerlik qayıqda Andrey Lukyanov bu nəticəni təkrarlamışdı. Vasili Yakuşa isə, bu dəfə 2-nəfərlik qayıqda 3-cü olmuşdu. Demək, icraçılar işi planlı qursa, hazırlıq düzgün keçilsə, nəticə də istədiyimiz kimi olar. Necə ki, bunu SSRİ dönəmində milli komandanın mütəxəssisləri ediblər.

Qəribədir, Rio oyunlarında qazanılan 2 medala sanki hər şey artıq bitmiş sayılır. AMAF-ın rəsmi saytında sonuncu xəbər bu ilin aprelinde yerləşdirilib. Digər bölmələrə girmək olmur. Amaf.az-ın yuxarı hissəsində olan çağrılmamış qonaq – reklam buna imkan vermir. Qarşıda havalar daha soyuqlaşacaq. Çox güman, AMAF qış yuxusuna gedəcək və gələn il mövsümü «Prezident reqatası» ilə açacaq. Ola bilsin, onda millidə yeni yabançı adlara rast gəldik.

Kamran HACI

Həmin kateqoriyadan