AMKF 20 yanvar faciəsinin 25-ci il dönümü ilə əlaqədar toplantı keçirdi

Azərbaycan Milli Karate Federasiyası 20 yanvar faciəsinin 25-ci il dönümü ilə əlaqədar yığıncaq keçirib. Allsport.az xəbər verir ki, federasiya rəhbərliyi, ofis, məşqçi, hakim və idmançı heyətinin iştirakı ilə anım tədbirində əvvəlcə 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Federasiya prezidenti Yaşar Bəşirov, birinci vitse-prezident və baş sponsor Azərbaycan Beynəlxalq Bankının rəsmi nümayəndəsi İlham Qasımzadə, vitse-prezident Yusif Məmmədov və baş məşqçi Rəhman Hətəmov Azərbaycan xalqının tarixində önəmli yerlərdən birini tutan qara yanvar faciəsi barədə ətraflı məlumat verərək, xalqımıza qarşı qətliamı pisləyiblər.

25 il əvvəl sovet ordusunun Azərbaycanın paytaxtı Bakıda törətdiyi faciədən sonra ölkə rəhəbəri İlham Əliyev tərəfindən 20 yanvar şəhidlərinin ailələrinə və hadisələr zamanı sağlamlıqlarını itirərək əlil olmuş şəxslərə sosial müdafiənin gücləndirilməsi və dövlət qayğısının artırılması məqsədilə bir çox tədbirlər görüldüyü diqqətə çatdırılıb.

Federasiya rəhbərliyi 17-18 yanvar tarixlərində Xorvatiyada Qran Pri turnirindən 2 qızıl, 2 gümüş və bir o qədər də bürünc medal qazanan yeniyetmə və gənclərdən ibarət seçmə komandamızın bu uğurunu 20 yanvar şəhidlərinin əziz xatirəsinə ithaf edildiyini söyləyib.

Anım tədbirində o da qeyd edilib ki, Azərbaycanın azadlığı və suverenliyi uğrunda həlak olmuş şəhid ailələrinin övladlarına respublikanın bütün karate bölmələrində məşqlər təmənnasız həyata keçirilir. Yığıncağın sonunda 20 yanvar şəhidlərinin hər zaman ehtiramla yad ediləcəkləri bildirilib.

Həmin kateqoriyadan