Aqil Məmmədov: “Neftçi”yə keçidim milliyə qayıtmağım üçün bir şansdır”

Hazırda “Bakı”da çıxış edən, bir neçə gün öncə isə “Neftçi” ilə müqavilə bağlayan qapıçı Aqil Məmmədov qol.az saytına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– “Neftçi” ilə yeni müqavilə imzalamısan. Bu komandaya keçidin necə alındı?
– Bəli, ”Bakı”da müqaviləmin bitməsinə az qalmışdı. Təklif göndərdilər və mən də ”Neftçi”də oynamağı karyeram üçün önəmli hesab edib razılaşdım. Çalışacağam ki, yeni klubumda oyunumu daha yaxşı səviyyəyə çatdırım.

– Başqa klublar da səninlə maraqlanırdımı? ”Neftçi”ni seçməyinin xüsusi bir səbəbi var?
– Bu gün “Neftçi” Azərbaycanın ən böyük klublarından biridir. Bu qədər çətinlikdən sonra elə böyük bir komandada oynamaq karyeram üçün önəmli qərarlardan biridir. Mən də bu təklifi qəbul etdim. İnanıram ki, onların ümidlərini doğruldacağam.

– Yeni klubun çempionatın ilk yarısını “Bakı”da bitirməyə necə razı oldu?
– Biz bu haqda əvvəlcədən razılaşmışdıq. Çox sağ olsun Sadıq Sadıqov da razılıq verdi ki, qış fasiləsinə kimi “Bakı”ya kömək edim.

– “Neftçi”də əsas heyətə düşmək üçün güclü rəqabət lazım olacaq. Saşa Stamenkoviçlə rəqabətə hazırsan?
– İnkişaf etmək üçün rəqabət vacibdir. Mən də əlimdən gələni edəcəm ki, bu rəqabətdə yaxşı tərəfdən özümü göstərə bilim. Amma yenə də əsas olan baş məşqçinin seçimidir.

– Sən gedəndən sonra “Bakı”da səni əvəzləyə biləcək qapıçı varmı?
– Elxan Əhmədov çox gözəl qapıçıdır. O, gələcəkdə Azərbaycanda yetişən ən qabiliyyətli əlcək sahiblərindən biri olacaq.

– Nə vaxtsa “Bakı”ya yenidən qayıtmaq ehtimalın varmı?
– “Bakı” mənim doğma komandamdır. Mən burada böyümüşəm. Azərbaycan futboluna məni bəxş edən bu klubdur. ”Bakı” mənim üçün həmişə əzizdir, belə də qalacaq. Bu gün gedirəmsə, o demək deyil ki, ”Bakı” mənim üçün bitdi. Bu günə kimi komandanı qoyub gedən oyunçulardan fərqli olaraq, mən “Bakın”nı bu vəziyyətində tərk edə bilməzdim. Ən azından ilk yarının sonuna kimi qalıb onlara kömək etmək istədim. Düşünürəm ki, doğma klubum üçün əlimdən nə gəldisə, artıqlaması ilə etdim.

– Rəhbərliklə bu məsələ ilə bağlı söhbətin olubmu?
– Bəli, onların da halalığını almışam. Sağ olsunlar, məni başa düşdülər və qərarıma hörmətlə yanaşdılar. Hafiz Məmmədov da mənə uğurlar arzuladı.

– “Neftçi”də oynamağın yenidən milli komandaya qayıtmağına imkan yarada bilərmi?
– Zaman hər şeyi göstərəcək. Təbii ki, elə böyük bir klubda oynamağım mənə əlavə şanslar verəcək.

– Aqil Məmmədovun “Bakı”dan ayrılmağı digər oyunçuların da getməsinə səbəb ola bilərmi?
– Bu gün komandamızın əksəriyyəti cavan futbolçulardır. Onlara yaxşı klubda oynayıb, tanınmaq lazımdır. Ona görə də getmək istəyənlərin sayı çoxdur. Amma gənc futbolçulara tövsiyyəm odur ki, güclü klublara getmək üçün daha bir mövsüm “Bakı”da qalsınlar. Bu, onlar üçün yaxşı təcrübə toplamaq baxımından önəmlidir. Həm də beləcə komandaya kömək etmiş olarlar.

Həmin kateqoriyadan