Dünya seriyasının ilk mərhələsindən 2 medal

Argentinanın paytaxtı Buenos-Ayresdə çimərlik güləşi üzrə dünya seriyasının ilk mərhələsi keçirilib.

27 ölkənin təmsil olunduğu yarışda güləşçilərimiz 1 gümüş və 1 bürünc medal qazanıb.

Ramiz Həsənov (70 kq) “B” qrupunda panamalı Vilfrido Samanieqo, perulu Con Karreno və venesuelalı Vilfredo Rodrigesə 3:0 hesabıyla qalib gəlib. 1/4 finalda dominikanlı Albaro Kamaçoya da eyni aqibəti yaşadan (3:0) Həsənov yarımfinalda türkiyəli Servet Coşkunla bacarmayıb – 0:4. Ramiz rumıniyalı Stefan Komanı sonuncu xal prinsipinə əsasən (2:2) üstələyərək bürünc medala sahib çıxıb.

İbrahim Yusubov (90 kq) “A” qrupunda belçikalı Yonas Van Kaenegem (3:0), yunanıstanlı Xristos Samartsidis (3:2) və panamalı Elton Morrisona (3:0) qalib gəlib. Yusubov 1/4 finalda fransalı Matis Mayrandı, yarımfinalda isə macarıstanlı Patrik Puespoekini eyni hesabla (3:0) üstələyərək finala vəsiqə qazanıb. Həlledici görüşdə gürcüstanlı Dato Piruzaşviliyə minimal fərqlə (2:3) uduzan İbrahim gümüş medal qazanıb.

Oyan Nəzəriani (90 kq) yunanıstanlı Axilles Xrisidisə (3:0) qalib gəlib və venesuelalı Xose Roberttiyə (0:2) məğlub olub. Son turda argentinalı Nikolas Baez güləşmədiyi üçün Nəzəriani də 1/4 finala adlayıb. Ancaq bu mərhələdə türkiyəli Fatih Yaşarlıya minimal fərqlə (1:2) məğlub olub.

Dünya seriyasının 2-ci mərhələsi Sinqapurda (10-11 iyun) keçiriləcək.

Həmin kateqoriyadan