Arif Abdullayev: İkinci heyətlə 5 medal qazanmağımız çox böyük nəticədir

«Serbiyanın Novı Sad şəhərində keçirilən Avropa çempionatında millimizin çıxışını yüksək qiymətləndirirəm. Zarafat deyil, Vətəndə İslam oyunları kimi məsul tədbir ərəfəsində 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazandıq. Nəzərə alaq ki, bu yarışa ikinci heyətlə yollanmışdıq və 8 çəkidən beşində fərqləndik, sonda komanda hesabında 2-ci yeri tutduq».

Bunu allsport.az saytına açıqlamasında sərbəst güləş yığmamızın məşqçisi Arif Abdullayev dedi. Mütəxəssisin sözünə görə, yanvarda komanda yeni mövsümün hazırlığına başlayıb və ilk ciddi sınaqda, İranda təşkil olunan dünya kubokunda 3-cü yer tutub; sonra pəhləvanlarımız Kiyev, İstanbul və Bolqarıstan turnirlərində, eləcə də Macarıstanın Szombathely şəhərində keçirilən U-23 qitə çempionatında uğurlu nəticə göstəriblər:

«Əsas heyət Bakıda İslam oyunlarına hazırlaşır. Yəni, komandamız hələ sözünü bu yarışda da deyəcək, qızıl medallarımız daha artıq olacaq. Sonra yayda bizi paytaxtda digər məsul yarış – ümummilli lider Heydər Əliyevin xatirəsinə «Qızıl qran-pri» gözləyir. Avqust ayında bütün gücümüzü Parisdə təşkil olunacaq dünya çempionatına yönəldəcəyik.

Milli komandanın məşqçilər heyətində yüksək ovqat var, bütün mütəxəssislər bir-birlərinə dəstək verirlər. Federasiyamızın prezidenti Fazil Məmmədovla birinci vitse-prezident Namiq Əliyevə, o cümlədən, Gənclər və İdman Nazirliyinə öz minnətdarlığımızı bildirirəm. Onların diqqət və qayğısı daim üzərimizdədir. Belə olan halda, təbii ki, güləşçilərimiz bəslənən ümidləri bundan sonra da doğrultmalıdırlar».

Kamran HACI, Novı Sad (Serbiya)

Həmin kateqoriyadan