Arif Abdullayev “niyə yerli güləşçi yox, əcnəbi” məsələsinə aydınlıq gətirdi

Xorvatiyada keçirilən açıq Zaqreb turniri yalnız sərbəst güləşçilərimizin uğurlu çxışı ilə yadda qaldı. İlin ilk reytinq yarışında baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərlik etdiyi komanda 1 qızıl, 2 gümüş və 5 bürünc medala yiyələndi. Fərəhlidir ki, qazanılan mükafatların əksəri (57 kq, 65 kq, 74 kq, 86 kq, 97 kq, 125) olimpiya çəkisinə aiddir. BOK-un qaydalarında hər 3 güləş növündə 10 çəkidən ancaq 6-sına yer verilir. “Sərbəstlər”imiz maksimum nəticə göstəriblər!

Heyətin böyük hissəsinin və əldə olunan medalların 6-sı legionçuların payına düşüb. Bu, idman ictimaiyyətində söz-söhbətə səbəb olub. Allsport.az saytı məsələyə aydınlıq gətirmək üçün millinin məqşçisi Arif Abdullayevlə əlaqə saxlayıb: “Turan Bayramov (74 kq), Orxan Abbasov (86 kq), İbrahim Yusubov (92 kq) və Rahid Həmidli (125 kq) 4-29 yanvarda təşkil olunan təlim-məşqə qatılmadılar. Adı ilk çəkilən güləşçi 2 ay hərbi xidmət etdiyi və bu səbəbdən hazır olmadığını, son ölkə çempionları məşqçilər korpusuna xəstələndiklərini dedilər. Biz heç kimi nəyəsə məcbur edə bilmərik”.

Nəzərinizə çatdıraq ki, reytinq yarışlarının başlamasına 20 gün qalmış bütün iştirakçılar bəlli olur. Bu il Paris-2024 ərəfəsi olduğundan, dünyanın öncül bahadırları nəticələrini yaxşılaşdırıb və lisenziyalarını qazanıb, yay olimpiya oyunlarına rahat yollanmaq istəyirlər. Dünya çempionu əlavə edib ki, yaxın günlərdə növbəti toplanış olacaq: “Zaqreb turnirində komanda uğurlu çıxış etdi. Ümumi nəticəni qənaətbəxş hesab edirik. Fevralın 8-dən ilin 2-ci təlim-məşqi başlayacaq. Toplanışa bir neçə ölkənin milli komandası da qoşulacaq. Bu hazırlıq U-23 və böyüklərin Avropa çempionatları üçündür”.

Həmin kateqoriyadan