Avarçəkənlərimiz qitə çempionatında uğursuz çıxış ediblər

Moskvada kayak və kanoe üzrə Avropa çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycanı 4 avarçəkən təmsil edib. Onlardan ən yaxşı nəticəni kanoeçi Valentin Demyanenko göstərib. 33 yaşlı idmançı 1-nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə finaladək irəliləməyi bacarıb. Həlledici mərhələdə o, 9 həmkarı arasında sonuncu olub. Əvəzində Avropa çempionu adını hazırda Rusiya millisində çıxış edən Azərbaycan millisinin sabiq üzvü Andrey Kraytor qazanıb. O, finişə 39,080 saniyəyə çataraq, ardıcıl 2-ci il qitə birincisi olub.

Digər kanoeçimiz Aleksey Kupin 1-nəfərlik qayıqla 1000 metr məsafəyə 4-cü, yarımfinalda 9-cu yerlə kifayətlənib. 500 metr məsafəyə seçmə yürüşdə o, 1 dəqiqə 50,988 saniyəyə 4-cü, yarımfinalda 1 dəqiqə 52,600 saniyəyə 6-cı yeri tutub. Hər iki məsafəyə yürüşlərdə Kupin finala yüksəlib.

Kayakçı Mirnazim Cavadov və Yevgeni Qarabutadan ibarət duet 2-nəfərlik qayıqla 200 metr məsafəyə seçmə yürüşdə 33,868 saniyə göstərici ilə 6-cı, yarımfinalda 34,236 saniyə nəticə ilə 8-ci yeri tutub. Bu cütlük 500 metr məsafəyə seçmə yürüşdə 1 dəqiqə 38,376 saniyə nəticə ilə 6-cı, yarımfinalda 1 dəqiqə 33,936 saniyə nəticə ilə 5-ci yeri tutub. Onlar hər iki məsafəyə yürüşdə finala yüksələ bilməyiblər.

 

Həmin kateqoriyadan