- Baxış sayı: 26
- 24 Noyabr 2024 22:41
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“Qəbələ”nin “Bakı” ilə oyununun 56-cı dəqiqəsində əlamətdar hadisə baş verib. Allsport.az xəbər verir ki, əvəzedici heyətdən cəlb olunan Qismət Alıyev əsas komandada rəsmən debüt edib.
“Qəbələ”nin tarixində ən gənc debütantlardan (18 yaş 7 ay 3 günlük) olan Alıyev təəssüratlarını “Qəbələ” İK ilə bölüşüb: “Roman Qriqorçuk məni hələ qış fasiləsində əsas komandaya cəlb edəndə oynatmaq fikri vardı. Mən də böyük həvəslə məşq edir, həmin anı gözləyirdim. Qriqorçuk son matçlarda adımı “18-liy”ə salırdı. “Bakı” ilə oyundan da əvvəl düşünürdüm ki, sonuncı oyundur, bəlkə şans verər. Ancaq əmin deyildim. Ehtiyat oyunçular skamyasında əyləşib matçı izləyirdim. Birdən Qriqorçuk mənə dedi ki, qalx, hazırlaş, oyuna girəcəksən. Bu, mənim üçün gözəl şans idi və ondan istifadə etməyə çalışdım”.
Tarixi matçda debüt etmək, demə, Qismətin qismətində imiş. Debüt gənc futbolçu üçün həm də ona görə əlamətdar olub ki, komandasına bürünc medallar verilən matçda oynayıb: “Sevindirici hal həm də odur ki, baş məşqçi bürünc medal qazandığımız oyunda mənə şans verdi. Məncə, pis oynamadım. Açığı, meydana daxil olanda bir az həyəcan vardı. Ancaq çox keçmədən həyəcanı unutdum. Peşəkar, təcrübəli futbolçuların əhatəsində idim və onlarla meydanda olduğum müddətdə çox şey götürdüm”.
1996-cı il təvəllüdlü yarımmüdafiəçi yeni başladığı peşəkar karyerasında qazandığı ilk mükafata böyük önəm verdiyini bildirib: “Doğrudur, aşağı yaş qruplarında, əvəzedicilərdə də medal qazanmışam. Ancaq uşaq futbolunda bunun asan olduğunu deyirdik. Çünki həqiqətən, bir çox komandalardan güclü idik və bilirdik ki, mövsümün sonunda mükafatçı olacağıq. Ancaq əsas komandayla 3-cü yeri tutmaq mənim üçün tam fərqli məqamdır. Buna görə də, məncə bu bürünc medal kolleksiyamda ən dəyərli mükafatdır”.
Akademiyanın yetirməsi olan Alıyev “Bakı”yla matçda əvəzlədiyi, akademiyanın digər yetirməsi Elvin Camalov kimi əsas komandada möhkəmlənmək istəyir: “Başqa klublarda debüt edən, oynayan gənc futbolçulara, yığmadakı komanda yoldaşlarımıza həsədlə baxırdıq. Biz də oynamaq, onlardan geri qalmamaq istəyirdik. Qoy akademiyamızdan çıxan futbolçular görsünlər ki, əsas komandaya düşmək çətin deyil. Sadəcə, öz üzərində çox işləsən, buna nail ola bilərsən. Təbii ki, məsuliyyət böyükdür. Xeyli müddətdir əsas komandanın düşərgəsindəyəm və əvəzedici heyətə qayıtmaq istəmirəm. Buna görə də əsas komandada möhkəmlənmək üçün əlimdən gələni edirəm. Ən böyük arzlarımdan biri “Qəbələ”nin heyətində avrokuboklarda oynamaqdır. Əsas komandamızda oynayan 1996-cı il təvəllüdlü ilk futbolçu mən oldum və qarşıdakı Avropa Liqasında da tarixə düşmək istərdim”.
Qeyd edək ki, əsas komandanın tarixində debüt edən ən gənc futbolçu digər yarımmüdafiəçi – Elnur Mustafazadə olub. Əvəzedici heyətin üzvü 2011/12 mövsümündə – aprelin 29-da “Bakı” ilə oyuna 16 yaş 7 ay 25 günlüyündə çıxıb.