- Baxış sayı: 35
- 08 Fevral 2026 13:05
- Baxış sayı: 122
- Fevral 08, 2026
- 0

Ölkə idmanı çalxalanır. Məşhur mütəxəssislər kömək üçün sıraya düzülüblər. Onlar baxımsızdırlar. Aidiyyatı qurumlara müraciət etsələr də, onların səsinə hay verən yoxdur. Bu günlərdə karate üzrə olimpiya mükafatçısı, 5-qat dünya və 10-qat dünya çempionu Rafael Ağayev ilə Azərbaycanda cui-citsunun banisi Mirəli Seyidovdan sonra, sərbəst güləş üzrə əməkdar məşqçi, “Tərəqqi” medalının sahibi Elman Əzimzadə fəryad qoparıb, yardım istəyib. Çarəsiz qalan 71 yaşlı mütəxəssis məsələni ictimailəşdirib. Elman müəllimi çoxdan tanıyıram, Respublika olimpiya idman liseyində, “Dinamo” və “Neftçi” idman cəmiyyətlərində işləyib. Bəxtiyar Vahabzadənin vurğunu, Əhli-Beytin aşiqidir.
Tanınmış tələbələrindən 2-qat olimpiya mükafatçısı, 3-qat dünya və 4-qat Avropa çempionu Hacı Əliyev və Avropa çempionu, dünya kuboku-2004-ün sahibi Nazim Əlicanovu misal göstərmək olar. Mətbuat nümayəndəsi kimi çalışdığım, eləcə də diktor olduğum yarışlarda çox görmüşəm. Yaşlı olmasına rəğmən, döşəyə yeniyetmə güləşçiləri belə özü çıxarırdı. Feysbukda dostluğumda da var. Amma bir ildir gəzə bilmədiyini, əlil arabasında hərəkət etdiyini duymamışdım. Heç mənə deyən də olmamışdı. Yoxsa, birinci özüm ictimailəşdirərdim. Zatən allsport.az saytı hüququ tapdanan, köməksiz qalan hər bir idman adamının üzünə açıqdır.
Acınacaqlı və rüsvayçı vəziyyət budur ki, Azərbaycanda yetirmələri qala-qala, Belarusda yaşayan tələbəsi ona həkim tapıb. Hacı Əliyevi anlayıram, indi AGF-də sərbəst güləş millisində əlaqələndirməni tapşırıblar. Çevrəsində Qurban Qurbanov, Rəşad Sadıqov kimi imkanlı dindaşları var. Günü-gündən ticarətini genişləndir, işi başdan aşır. Nazim Əlicanova gəldikdə, çox zəhmətkeş və sözünü deyən insandır. Azərbaycan güləşini uzun illərdir çiyinlərdində saxlayan 5-6 məşqçidən biridir. Maddi imkanı özünə güclə yetir.
Elman müəllim barədə (ötən ilin sonunda ayağı qəfil keyiyib, həkimlər damar tıxanması və sinir sıxılması diaqnozu qoyublar) yazının mürəkkəbi qurumamış Azərbaycan güləş federasiyası tez hərəkətə keçib. Bir ildir unudulan mütəxəssis bir gündə yada düşüb. Təzə rəhbərlik, federasiyanın 1-ci iş siyasəti olaraq tez şəkil çəkdirib paylaşıb. Təbliğat-təşviqatda AGF tezliklə bütün idman qurumlarını arxada qoyacaq. Çünki indi əsas hədəf nəticə deyil, son dövrün dəbli ifadəsi – marketinqdir. Məcburiyyətdən irəli gələn görüntünün yəqin arxasında xeyir də olar. Hər necə olsa, ortada Hacının adı var. Şəkildə yer almasa da, çox güman, ürəyi orda olub…
Kamran HACI