LAYİHƏ
Azərbaycan güləşi Rio-2016-da tarixi keçmişinin həqiqətlərini bir daha yenilədi

Azərbaycan son bir neçə ildə böyük güləş ölkələri sırasında yerini təsdiqləməyə başlayıb. Milli komandalarımız beynəlxalq mötəbər yarışlarda hər dəfə uğurların təsadüf olmadığını sübut ediblər. Zirvəni fəth etmək nə qədər asandırsa, onu qoruyub saxlamaq bir o qədər çətindir. Elə güləşçilərimizlə görüşlərin birində ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin dediyi kimi yüksək yerləri tutmuş idmançılar gələcəkdə peşəkarlıqlarını nümayiş etdirərək, bu yüksək yerləri qoruyub saxlamalıdırlar. O da həqiqətdir ki, artıq çempionlara qarşı daha da ciddi hazırlaşırlar sizin rəqiblərinizin sayı daha da artacaqdır».
Güləşin Azərbaycanda xüsusi yerini elə müstəqilliyin ilk illərindən bu yana olan olimpiya oyunlarını göstərmək olar: hər dəfə uğur sorağı ilk növbədə döşək üzərində rəqiblə üz-üzə dayanacaq bahadırlarımızdan gözləyirlər. Bunun səbəbləri sadə və aydındır: güləş həm də milliliyin, milli ruhun, mənəvi dəyərlərin tərənnümçüsüdür. Hüsn-rəğbətin və məhəbbətin, amma bununla yanaşı, yüksək tələbkarlığın da əsl səbəbi də elə buradan irəli gəlir. Amma güləşçilərimiz də hər dəfə ümidləri doğruldublar. Müstəqillik illərində bəşəriyyətin ən böyük idman təntənəsi, idman mübarizə meydanı olan olimpiya oyunlarınının hər birindən pəhləvanlarımız Vətənə başıuca dönüblər. Bu mənada, bahadırların Rio oyunlarına çıxışı da xüsusi qeyd olunmalıdır. Zarafat deyil, qazanılan 18 olimpiya medalının tən yarısı onların payına düşdü. Üstəlik, hər üç növdə – həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşində pəhləvanlarımızın öz sözünü deməsi, sabaha inamla baxmağa əsasdır.

Müasir Azərbaycan güləşinin bayraqdarı – Namiq Abdullayevin şanlı qələbələri «sərbəstlər»i xeyli müddət diqqətdə saxlayırdı. Nüfuz nisbətinin «klassiklər»in tərəfinə keçməsi Elçin Cəfərovun mililyə baş məşqçi keçməsindən sonra baş verdi. Qısa zamanda edilən islahatlar, gəncləşmə siyasəti öz bəhrəsini verdi: Fərid Mansurov Afina-2004-də nəinki güləşin, eləcə də olimpiya komandamızın yeganə qızıl medalını qazandı. Növbəti «dördillik»də də üstünlük itirilmədi – Rövşən Bayramov və Vitali Rəhimov, eyni gündə, fəxri kürsünün 2-ci pilləsinə çıxdılar. Pekin-2008-də sərbəst güləşçilərin qazancı cəmi1 bürünc medal oldu: Xetaq Qazyumov.
London oyunlarında sərbəst üsulla tutaşanlarımız parlaq çıxış etdilər. Düzdür, son 2 günə kimi qızıl sorağının gəlməməsi nəinki Böyük Britaniya paytaxtında, burada da həyacana səbəb olmuşdu. Axı olimpiyaçılarımız baş mükafata sahiblənməyə adət etmişdilər. Belədə,xalçaya Toğrul Əsgərovla Şərif Şərifovun çıxaraq, tale yüklü məsələni öz çiyinlərində daşıdılar; Azərbaycan himnini səsləndirtdirərək həm komandanın nüfuzunu qorudular, həm də «sərbəstlər»in keçmiş qüdrətini geri qaytardılar. London-2012-də bu 2 növ arasında rəqabətə artıq qadın güləşçilərimiz girmişdilər. Mariya Stadnik yapon rəqibinin hiylə-fəndgirliyi nəticəsində həlledici görüşü uduzdu, Yuliya Ratkeviç ona bürünc medalla dəstək verdi.

Bahadırlarımız Rio olimpiadasında da tarix yazmağa yaxın idilər, amma yenilən 3 final və qaçırılıan 4 yarımfinal qələbəsi vardı. London oyunlarında, qızıl medal uğrunda görüşlə müqayisədə, Toğrul Braziliyada imkanından aşağı çıxış etdi. Dumanlı Albionda gəncəli pəhləvan finalda Besik Kuduxova macal verməmişdi.Avtoqəzada dünyasını dəyişən idmançı barədə hələ bu yaxınlarda xəbər çıxdı ki, London-2012-də dopinqli olub.Hərçənd Rioda güləşçimiz digər rusiyalı, Soslan Romanova tez təslim oldu. Hesabın 11:0 olması və tutaşmanın erkən bitməsi də bunu isbatlayır. Toğrul Əsgərovla nisbətdə, Xetaq Qazyumovun həlledici qarşılaşmada imkanı yüksək dəyərləndirilirdi. Çünki kapitana hər zaman şimallı qonşularımız maneə olurdu. Amma insafən, Kayl Snayder dayanıqlığı ilə qələbəyə daha layiq olduğunu və əbəs yerə ötən il vətəni ABŞ-da 1-ci yeri tutmadığını təsdiqlədi.
Mariya Stadnikə gəlincə, onu qızıl medaldan cəmi 3 saniyə ayırırdı. Görüşün məcrası da istədiyi kimi gedirdi. Hamı qızıl medalın qazanılacağını düşündüyü anda yaponiyalı Eri Tosaka fənd işlədib, həm Maşanın, həm də bizim xəyalların üstündən xətt çəkdi. Düzdür, Ukrayna əsilli idmançımız Xetaq Qazyumov kimi, ardıcıl 3 olimpiadada fərqlənməklə tarixə düşdü. Amma qələbə olsaydı, bunun ayrı ofqatı olacaqdı: addım-addım, «bürünc»dən «qızıl»a!

Rio-2016-da 2-qat dünya çempionu Hacı Əliyevdən də çox şey gözlənilirdi. Onun ayrı-ayrı mötəbər yarışlarda iranlı və rusiyalı rəqiblərini üstələməsi inamı daha artırırdı. Lakin o, 1/4 finalda gözlənilmədən gürcüstanlı Vladimir Xinçeqaşviliyə uduzdu. Razıyam, rəqib son dünya çempionu idi. Amma Hacı üçün keçilməz sədd yoxdur. O, çox dünya çempionları və mükafatçılarını üstələyib, bu yerə gəlməsində böyük əmək, inad, güc, və energi sərf edib; öz çəkisində, komandada, açıq rəqabətdə, dağıstanlı legionçuları sıxışdırıb.
Bu olimpiadada mükəmməl formada olan tək-tük güləşçimizdən biri Cəbrayıl Həsənov idi. O, yarımfinala qədər çox güc sərf etmədi. Final uğrunda görüşdə də üstünlüyü vardı: 4:0. Amma yarış boyu etdiyi yeganə səhv ona baha başa gəldi, qızıl medaldan oldu. Elə də inamlı təsir bağışlamayan Ənvər Geduyev  fənd işlətdi. Cəbi gərək vəziyyətlə barışıb, ona 2 xal verərdi. Amma sərbəst güləşçimiz özü də əks fənd – «tapança» işlətmək qərarına gəldi. Rusiyalı rəqib ağır olduğundan, bu onda alınmadı, «güllə» özünə dəydi, 2 xal da şimallının hesabına getdi. Son qazanılan xallar rəqibin xeyrinə idi. Bu azmış kimi, mübarizənin gedişində rəqibin qaş nayihəsində güclü qanaxma baş verdi. Həkimlər hər dəfə «davam» dedilər. Durum rusiyalının işinə yaradı, dincəldi, idmançımız isə soyudu. Güc-bəla ilə hesabı qoruyan Ənvər, təbii, belə çıxışla, finalda iranlıya uduzmalı idi – bəxt hər dəfə üzə gülmür.

Yunan-Roma güləşçimiz Rövşən Bayramovun uğur qazanacağına heç kim şübhə etmirdi. Onda son anda xarakter göstərib vəziyyəti xeyrinə dəyişmək məharəti var. İdmançı bir neçə dəfə döşəkdən ayrılmasına rəğmən, geri dönüb sözünü deyib. Güləşsevərlər, onun 2011-ci ildə İstanbulda keçirilən dünya çempionatında parlaq çıxışını yaxşı xatırlayırlar. Xalça üzərində ayaq üstə fəndgirliyi, sözün əsl mənasında, göz oxşayıb könül açan bahadırlığı, bu qəbildən olan şirinliyin məhsulu idi.
Rioda da onun işi yaxşı gedirdi. 2 dəfə olimpiada finalı yaşayan güləşçimiz yarımfinalda elə də uğuru olmayan Sinobu Otaya uduzdu. Buna qədər yaponiyalının medal boğçasında Asiya çempionatının cəmi 1 «gümüş» və 1 «bürünc»ü vardı. Bəllidir ki, titulda və təcrübədə həmyerlimiz onu çox üstələyirdi. Amma bu yenilgi azmış kimi, güləşçimiz 3-cü yer uğrunda görüşdə 33 yaşlı norveçli Ande Berge məğlub oldu. Skandinaviyalının da karyerasında parlaq uğuru yox idi: o, 2007-ci ildə Sofiyada keçirilən Avpopa çempionatında 2-ci, 2014-cü ildə Daşkənddə dünyanın ən güclülərinin yarışında 3-cü yerə çıxmışdı.

Son zamanlar inamlı qələbələri, döşəkdə özünəməxsus rəqsi və əsgər salamı ilə Azərbaycan tamaşaçısının rəğbətini qazanan Rəsul Çunayevdən də qızıl medal gözləyirdim. Bu yunan-Roma güləşçisi vacib anda toparlanmağı, əzmkarlıq nümayiş etdirməyi və tale görüşlərində psixoloji hazır vəziyyətə gəlməyi bacarır, heç nədən dünya və Avropa çempionu olmayıb. Rio-2016-da 2-ci görüşdə rusiyalı olimpiya çempionu İslambəy Albıyevə qalib gəldikdək sonra, onun final yolunda elə bir maneənin qalmadığını düşündüm. Yarımfinalda Mehran Arutunyana da qalib gəlməsində əngəl görmədim. Məgər Rəsul azmı erməni güləşçisinin kürəyini yerə vurub? Amma bu dəfə tərslikdən daş qayaya dəydi: Çunayevin tutaşması alınmadı, rəqibi aşırma fəndi etmək istərkən, özü əks-fəndə düşdü və bununla məsələ həll olundu. Mütəxəssislər, Hacı ilə Rəsulun gözlənilən nəticəni verməməsini, olimpiada öncəsi çəki salaraq xeyli güc-qüvvə itirdikləri ilə əlaqələndirirlər. Doğru məntiqdir. Bu idmançılarımızın Şərif Şərifovla yanaşı yalnız bürünc medalla kifayətlənmələrində oxşar məqam var; London-2012-nin qalibi allsport.az saytına açıqlamasında, finala çıxa bilməməsini, son dövrdə böyük yarışlardan kənar qalması və son günlərədək Rioya gedib-getməyəcəyini bilməməsi ilə bağlayıb.

Söz yox ki, həyat davam edir və onun öz tələbləri var. Vəzifələri, məqsədləri və hədəflər isə bəllidir. Ən vacibi, bütün bunlarla Azərbaycan güləşi, sadəcə, dünya arenasında təkcə öz mövqeyini möhkəmləndirmir, eyni zamanda, tarixi keçmişinin həqiqətlərini bərpa edir, qədim və zəngin adət-ənənələr məktəbinə söykənən pəhləvanlar yurdu olduğunu bir daha nümayiş etdirir.

Kamran HACI

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

Həmin kateqoriyadan