- Baxış sayı: 30
- 21 Noyabr 2024 11:49
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
Azərbaycan kanoe və avarçəkmə federasiyasının rəhbəri Vüqar Əhmədov, beynəlxalq avarçəkmə federasiyasının prezidenti Jan Kristof Rollandla görüşüb. Allsport.az saytı xəbər verir ki, FİSA-nın İsveçrənin Lozanna şəhərində yerləşən mənzil-qərargahında baş tutan toplantıda, ölkəmizdə avarçəkmənin tarixi, inkişaf mərhələsi, bu günü və gələcək planları haqqında söhbət gedib.
Hələ ötən əsrin ortalarında ümummilli lider Heydər Əliyevin ilk hakimiyyəti dönəmində Azərbaycanda 11 müstəqil avarçəkmə klubu fəaliyyət göstərib. O vaxtlar təşkil edilmiş “Mingəçevir peqatası”nda nəinki Sovetlər birliyi, eləcə də Avropanın bir çox ölkələrinin idmançıları iştirak ediblər. 1964-cü ildə istifadəyə verilən “Kür” olimpiya tədris-idman mərkəzində keçmiş SSRİ ölkələri ilə yanaşı, əvvəlki Yuqoslaviya, Bolqarıstan, hətta Kuba komandaları da təlim-məşq keçiblər.
AKAF-ın rəhbəri Vüqar Əhmədov bildirib ki, dövlət başçısı İlham Əliyev idmana və idmançılara böyük diqqət ayırır. O, həm də milli olimpiya komitəsinin prezidentidir. Onun müvafiq tapşırığı əsasında “Kür” olimpiya tədris-idman mərkəzi 2010-cu ildə əsaslı təmir edilib. Hazırda bütün beynəlxalq standartlara tam cavab verən idman qurğusunda Bakı-2015 ilk Avropa oyunlarının avarçəkmə yarışları yüksək səviyyədə təşkil olunub.
Görüş zamanı Azərbaycan idmançılarının beynəlxalq yarışlar – Avropa və dünya çempionatları, həmçinin olimpiya oyunlarında çoxsaylı mükafatlar qazanması FİSA prezidentinin diqqətinə çatdırılıb. Cari ilin mayında Suqovuşan su anbarında və Mingəçevir şəhərində təşkil olunan kayak-kanoe və akademik avarçəkmə üzrə “Prezident kuboku” beynəlxalq reqatası ilə bağlı videoçarx Jan Kristof Rollanda nümayiş etdirilib.
Qeyd olunub ki, Azərbaycanda avarçəkmə idman növünü daha da inkişaf etdirmək üçün yeni su hövzələrinə baxış keçirilir və müvafiq infrastrukturun yaradılması üçün işlər görülür. Görüşdə qarşılıqlı əlaqələrin gələcək inkişafı, beynəlxalq federasiya prezidentinin ölkəmizə səfərinin təşkili müzakirə olunub. Qarşıdakı illərdə sahil avarçəkməsi üzrə dünya və ya Avropa çempionatının Azərbaycanda təşkil olunması ilə bağlı fikir mübadiləsi aparılaraq bu istiqamətdə işlərin davam etdirilməsi ilə bağlı razılıq əldə edilib.
Sonda Jan Kristof Rolland görülən işləri yüksək qiymətləndirib. Beynəlxalq federasiyanın rəhbəri Jan Kristof Rolland AKAF-a hər zaman dəstək verməyə hazır olduqlarını deyərək federasiyaya gələcək fəaliyyətində uğurlar arzulayıb.