Azərbaycan Su İdman Növləri Federasiyasına yeni vitse-prezident təyin olundu

Dünən Azərbaycan Su İdman Növləri Federasiyasının icrayyə komitəsinin iclası keçirilib. Allsport.az xəbər verir ki, bu barədə məlumatı federasiyanın mətbuat xidməti yayıb.

İclasda fəaliyyət planları və görüləcək işlər müzakirə olunub. Tədbirdə Azərbaycan Su İdman Növləri Federasiyasının yeni vitse-prezidenti təyin olunub. Bu vəzifəyə Bakı Su İdman Sarayının direktoru Elçin Həsənov təsdiq edilib.

Sonra iclasın gündəliyinə uyğun olaraq Braziliyada keçiriləcək RİO-2016 Olimpiadasına və “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq planları, görüləcək işlər, qarşıda duran vacib məsələlər müzakirə olunub.

İcrayyə komitəsinin iclasında həmçinin federasiyanın nəzdində fəaliyyət göstərən su idman növləri üzrə məşqçilərin hesabatları dinlənilib. Onlar federasiya rəhbərliyinə Bakı 2015 Avropa Oyunlarında idmançılarımızın çıxışları, bu mötəbər yarışdan sonra gənclərin su idman növlərinə olan maraqları, qarşıdakı illərdə keçiriləcək idman yarışlarında iştiraklar və bir çox məsələlər barədə məlumat veriblər.

Sonda Azərbaycan Su İdman Növləri Federasiyasının 3 illik fəaliyyət planı və görülən işlər barədə hesabat dinlənilib, müzakirə olunub. Ümumilikdə federasiyanın fəaliyyəti qənaətbəxş hesab edilib.

Həmin kateqoriyadan