Üzgüçümüzdən qızıl medal

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə yüksək nəticələrə imza atmaqda davam edirlər.

Allsport.az xəbər verir ki, Saxa Respublikasının Yakutiya şəhərində keçirilən “Asiya uşaqları” VIII beynəlxalq idman oyunlarında mübarizə aparan üzgüçülərimizdən Süleyman İsmayılzadə 400 metr məsafədə sərbəst üsulda bütün rəqiblərini üstələyərək qızıl medala layiq görülmüşdür.

Milli komandanın üzvü, idman ustası Süleyman İsmayılzadə 4,01 nəticə ilə kürsünün ən yüksək pilləsinə yüksəlib. İdmançımız bundan öncə 1500 metr məsafədə sərbəst üsulla gümüş, 200 metr məsafəyə batterflay üsulla bürünc medallar qazanıb.

Azərbaycan gənclər və idman nazirliyinin dəstəyi ilə bu beynəlxalq yarışda ölkəmizi üzgüçülük idman növü üzrə milli komandanın üzvləri idman ustası Oqtay Hüseynov, idman ustası Süleyman İsmayılzadə, Vlastilina Xasyanova, Xumar Mustafayeva təmsil edirlər.

“Asiya uşaqları” VIII beynəlxalq idman oyunlarının üzgüçülük üzrə yarışları 28 iyun-4 iyul tarixlərinədək davam edəcək.

Həmin kateqoriyadan