Azərbaycan və beynəlxalq kanoe federasiyaları prezidentləri arasında görüş

Beynəlxalq kanoe assosiasiyasının prezidenti Albert Vuds, milli olimpiya komitəsinin yaranmasının 30-illik yubileyi ilə bağlı Bakıda olub. Allsport.az saytı xəbər verir ki, səfər çərçivəsində o, Azərbaycan kanoe və avarçəkmə Federasiyasının rəhbərliyi ilə görüşüb. AKAF-ın prezidenti Vüqar Əhmədov qonaqla müxtəlif mövzularda fikir mübadiləsi aparıb.

Görüş zamanı ona Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın ölkəmizdə idmana və idmançılara göstərdiyi qayğı barədə məlumat verilib. Qeyd olunub ki, müstəqilliyin bərpasından sonra Azərbaycan idmançıları çoxsaylı beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, həmçinin olimpiya oyunlarında həm digər idman növləri, həm də avarçəkmə üzrə yüksək nailiyyətlər əldə ediblər.

Eyni zamanda, avarçəkmə idman növünün hazırkı inkişaf mərhələsindən söhbət açılıb. Bildirilib ki, AKAF cari ildə bir neçə yarış təşkil edib. Bu yarışlar arasında mayın 6-7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan Prezident kuboku yarışı və oktyabrın 21-23-ündə keçirilən beynəlxalq Mingəçevir reqatasıdır.

Albert Vudsla AKAF-ın gələcək fəaliyyət planları haqqında da müzakirələr aparılıb. Qarşılıqlı görüşdən məmnunluğunu ifadə edən Qonaq AKAF-a gələcək fəaliyyətində uğur arzu edib. Təşkil olunacaq beynəlxalq yarışlarda dəstək olacaqlarını nəzərə çatdırıb.

Həmin kateqoriyadan