Bahadırlarımızın Göygöydə Rio-2016 hazırlığına Kubanın 2-qat olimpiya çempionu da qoşuldu

Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə təlim-məşq toplanışlarını davam etdirirlər. Allsport.az saytı xəbər verir ki, Rio-2016-ya hazırlıq çərçivəsində yunan-Roma və sərbəst güləş üzrə millilər Göygöy Olimpiya İdman Kompleksində, qadın güləşçilər isə Bolqarıstanın Belmeken təlim-məşq bazasında bir araya gəliblər.

Mayın 13-dən Bolqarıstana yollanan qadın güləşçilərimiz ayın 29-dək bu ölkənin yığma komandası ilə birgə hazırlıqları davam etdirəcək. Təlim-məşqdə həmçinin, Türkiyə, Belarus və Macarıstan komandasının üzvləri də iştirak edirlər.

Sərbəst və yunan-Roma güləşi komandalarının təlim-məşq toplanışı isə mayın 15-dən başlayıb və 30-dək davam edəcək.  “Klassiklər”imizlə birgə Kuba, İran və Gürcüstan güləşçiləri də iştirak edir. Kuba yığmasının heyətində 2-qat olimpiya, 5-qat dünya və 8-qat Pan-Amerika çempionu Mijain Lopez (130 kq),  dünya və 3-qat Pan-Amerika çempionu İsmael Borrero Molina (59 kq) ilə yanaşı Pan-Amerika çempionatının qalib və mükafatçıları da yer alıblar.

Sərbəst güləşçilərimiz də hazırlıqları Kuba komandasının üzvləri ilə birgə davam etdirir. Kuba sərbəst güləş yığmasının heyətində Dünya və Pan-Amerika çempionatlarının qalib və mükafatçıları yer alıb.

Məlumat üçün bildirək ki, Rio Yay Olimpiya Oyunlarında bahadırlarımız 14 (sərbəst 6, yunan-Roma 5, qadın 3) idmançı ilə təmsil olunacaq. Yarışlar 14-21 avqust tarixlərində baş tutacaq.

Həmin kateqoriyadan