Bahadırların ölkə çempionatı yeni qaydalarla keçiriləcək

14-18 dekabrda Bakı İdman Sarayında bahadırlarımız bir araya gələcək. keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək Azərbaycan çempionatı yeni qaydalar əsasında olacaq. AGF-nin hakimlər kollegiyasının təyin etdiyi referilər tərəfindən idarə olunacaq mübarizədə “sərbəstlər” 57, 61, 65, 70, 74, 79, 86, 92, 97 və 125 kq-a qədər, “klassiklər” 55, 60, 63, 67, 72, 77, 82, 87, 97 və 130 kq çəkilərdə çıxış edəcəklər.

Azərbaycan çempionatı bu il yeniyetmə güləşçilərin qitə və dünya birinciliklərində sınaqdan keçirilən və 2-günlük yarış proqramı üzrə təklif olunan yeni qaydalara uyğun təşkil olunacaq. Belə ki, yarışlardan bir gün öncə püşkatma mərasimi, ilk yarış günündə ilkin və təsəlliverici görüşlər, ikinci yarış günündə isə final görüşləri keçiriləcək. Əvvəllər bir gün öncə baş tutan çəki mərasimi bundan sonra yarış günləri keçiriləcək və finala vəsiqə qazanmış idmançılar iki dəfə çəki prosesinə cəlb olunacaq. İkinci dəfə tərəziyə çıxan idmançılara normadan 2 kiloqramadək artıq çəkidə güləşməyə icazə veriləcək.

Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə mükafatlandırılacaq, onlar ölkə yığma komandasının heyətinə cəlb ediləcək və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı qazanacaqlar.

Həmin kateqoriyadan