Bakıda parabadminton üzrə texniki seminar

Bu gün milli gimnastika arenasında dünya badminton federasiyasının (BWF) parabadminton üzrə texniki seminarına start verilib.

Allsport.az xəbər verir ki, 17–19 noyabrı əhatə edəcək beynəlxalq tədbirdə Avropanın 15-dən çox ölkəsindən 55-ə yaxın nümayəndə – o cümlədən parabadmintonçular və bu idman növü üzrə mütəxəssislər iştirak edir.

Seminar beynəlxalq paralimpiya komitəsi (İPC), gənclər və idman nazirliyi (GİN), milli paralimpiya komitəsi (ARMPK), dünya badminton federasiyası (BWF), Avropa badminton konfederasiyası (Badminton Europe) və Azərbaycan badminton federasiyasının birgə dəstəyi ilə təşkil olunub. Üç gün ərzində parabadmintonun inkişafı, məşqçilik bacarıqlarının artırılması, idmançıların təsnifatı və yarışların idarə olunması mövzularında nəzəri və praktik sessiyalar keçiriləcək.

Açılış mərasimində çıxış edən MPK-nin baş katibi Toğrul Rəhimov və ABF-nin baş katibi Ramil Hacıyev iştirakçıları salamlayaraq seminarın ölkəmizdə təşkilinin əhəmiyyətini vurğuladılar, bu təşəbbüsə verdiyi dəstəyə görə GİN-ə təşəkkürlərini bildirdilər.

Seminarın keçirilməsində məqsəd milli badminton federasiyaları və paralimpiya qurumlarını bir araya gətirərək bu sahə üzrə bilik və təcrübə mübadiləsini genişləndirmək, fiziki məhdudiyyətli şəxslərin idmana inteqrasiyasını təşviq etməkdir. İştirakçılar qarşıdakı 3 gün ərzində müasir yanaşmalar, yeni qaydalar və məşq metodikaları ilə tanış olacaqlar.

Azərbaycan son illərdə bir sıra beynəlxalq badminton tədbirlərinə ev sahibliyi etməklə regionda bu idman növü üzrə badminton mərkəzlərindən biri kimi mövqeyini möhkəmləndirir. Bu seminar da inklüziv idmanın və para badmintonun inkişafına töhfə vermək məqsədi daşıyır.

Həmin kateqoriyadan