Beynəlxalq dərəcəli hakim Qərib Əliyev AGF-nin Fəxri diplomu ilə təltif edilib

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçirildi. Allsport.az saytı xəbər verir ki, Dünya Güləş Birliyinin təlimatına uyğun olaraq, hər bir hakim 60 yaşı tamam olana qədər beynəlxalq və yerli yarışları idarə etmək hüququna malikdir. Bu günlərdə 60 yaşı tamam olan 1-ci dərəcəli beynəlxalq referi Qərib Əliyev karyerasını başa vurub.

Azərbaycan çempionatının sərbəst güləş üzrə 74 kq çəki dərəcəsində final görüşünü idarə edən dünyaca məşhur ədalət təmsilçisi, hakim həmkarlarının fit və azarkeşlərin alqış sədaları altında xalça ilə vidalaşıb. O, uzunmüddətli və peşəkar fəaliyyətinə, ölkəmizi yerli və beynəlxalq arenalarda layiqincə təmsil etdiyinə, güləş qaydalarının incəliklərinin gənc nəsillərə aşılanmasında əvəzsiz xidmətlərinə görə Əməkdar məşqçisi, Fəxri bədən tərbiyəsi və idman işçisi Qərib Əliyev AGF-in Fəxri diplomu ilə təltif edilib.

Mükafatı federasiyanın 1-ci vitse-prezidenti Sahib Ələkbərov təqdim edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb. Bundan savatı, Azərbaycan prezidentinin sərəncamı ilə Qərib Əliyevə “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adı verilib.

Qeyd edək ki, 25 ilə yaxındır beynəlxalq dərəcəli hakim kimi müxtəlif yarışlarda ölkəmizi təmsil edən Qərib Əliyev həm də məşqçilik fəaliyyəti ilə məşğuldur. Onun yetirmələri müxtəlif səviyyəli beynəlxalq turnirlərdə, Avropa və Dünya çempionatlarında mükafatçılar sırasında yer alıb. Qərib Əliyev ölkəmizdə güləş idman növünün inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə də təltif edilib.

Həmin kateqoriyadan